ELAZ.İNFO xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük nəqliyyat qovşağı olan Dubay Beynəlxalq Hava Limanı yaxınlığında təhlükəli insident qeydə alınıb. Dubay hökumətinin media ofisindən verilən rəsmi məlumata görə, əraziyə iki pilotsuz uçuş aparatı (PUA) düşüb. İlkin məlumatlara əsasən, dronların düşməsi nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə dərhal təhlükəsizlik qüvvələri və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralıların vəziyyəti və şəxsiyyəti barədə hələlik geniş məlumat verilmir.
BƏƏ hakimiyyəti hadisə ilə bağlı informasiya təhlükəsizliyini təmin etmək üçün ciddi addımlar atıb. Bildirilir ki, hücumun videolarını çəkib sosial şəbəkələrdə yayan şəxslərə qarşı sərt cəzalar və hüquqi məsuliyyət tətbiq olunacaq. Məhz bu qadağa səbəbindən hadisə yerindən yeni kadrların yayılması minimuma enib.
Hücumdan sonra hava limanının fəaliyyətində qısamüddətli fasilələrin yaranıb-yaranmadığı araşdırılır. Rəsmi dairələr vəziyyətin nəzarət altında olduğunu və təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyəyə qaldırıldığını bəyan ediblər.
Ruslan MƏMMƏDOV