Azərbaycan dövləti vətəndaşlarının hüquqlarını və rifahını qorumağı, onların harada yaşamasından və fəaliyyət göstərməsindən asılı olmayaraq, özünün əsas prioritetlərindən biri kimi müəyyən etmişdir. Bu, dövlətin Konstitusiya ilə təsbit olunmuş və beynəlxalq öhdəliklərinə uyğun olaraq həyata keçirdiyi hüquq və sosial siyasətin mühüm bir istiqamətini təşkil edir. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə yaşaması və ya müvəqqəti olması onların dövlətin qayğısından kənarda qalması demək deyildir. Əksinə, Azərbaycan dövləti onların təhlükəsizliyini, hüquqlarının müdafiəsini, diplomatik və konsulluq yardımı almasını təmin etmək üçün konkret tədbirlər həyata keçirir.
Azərbaycan Respublikasının Konsulluq Nizamnaməsinə, habelə “Azərbaycan Respublikasının diplomatik xidmət haqqında” qanununa əsasən, ölkəmizin diplomatik nümayəndəlikləri və konsulluqları xarici ölkələrdə yaşayan vətəndaşların hüquqi və praktiki məsələlərdə müdafiəsini təmin etmək üçün fəaliyyət göstərir. Vətəndaşlarımızın xaricdə üzləşdiyi hüquqi, sosial, tibbi və ya digər çətinliklər zamanı dövlətin nümayəndələri onların yanında olur, müvafiq yardım göstərir, zərurət yarandıqda repatriasiya və ya müdafiə tədbirləri təşkil olunur.
Azərbaycan dövləti beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, vətəndaşlarının hüquqlarını dünyanın istənilən nöqtəsində qorumağa sadiqdir. Xaricdə yaşayan və ya səfərdə olan vətəndaşlarımızın insan hüquqları, mülkiyyət hüququ, təhlükəsizlik və azadlıq hüququ, ədalətli məhkəmə hüququ və digər fundamental hüquqları Azərbaycan Respublikası tərəfindən diqqətlə izlənilir və pozulduğu təqdirdə müvafiq hüquqi addımlar atılır. Bu, dövlətin vətəndaşına sahib çıxmasının və onu yalnız ölkə daxilində deyil, bütün dünyada müdafiə etməsinin real təzahürüdür.
Nəticə etibarilə, Azərbaycan Respublikası vətəndaşlarını harada olmasından asılı olmayaraq, daim diqqət mərkəzində saxlayır. Dövlətin əsas vəzifələrindən biri məhz vətəndaşlarının hüquqlarının qorunması və rifahının təmin olunmasıdır. Bu vəzifə ölkə hüdudlarından kənarda da eyni məsuliyyətlə icra olunur. Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır bu, yalnız şüar deyil, hüquqi əsaslarla həyata keçirilən konkret və davamlı siyasətdir.
Əli İBRAHİMOV
Hüquqşünas
