Dövlət xadimi, diplomat, tərcüməçi, dövlət müşaviri -Zaman bəy Şeyxəlibəyov

ELAZ.İNFO xəbər verir ki, bu gün dövlət xadimi, diplomat, tərcüməçi, dövlət müşaviri, 1877–1900-cü illərdə Türküstan general-qubernatorluğu idarəsində tərcüməçi işləmiş, Qazax dilində çıxan ilk qəzet olan “Türküstan yerli qəzeti”nin ədəbi redaksiyasında fəal iştirak etmiş Zaman bəy Şeyxəlibəyovun doğum günüdür.

Allah rəhmət etsin!

1870-ci illərdə Zaman bəy Şıxəlibəyov Yeddişəhər xanlığında böyük gücə malik idi və Məhəmməd Yaqub bəy Bədaulet xana yaxın idi. Rus səyyahı Nikolay Prjevalski öz gündəliyində dəfələrlə Zaman bəyin adını çəkərək vurğulayırdı ki, Zaman bəy olmasaydı, onun səyahəti baş tutmaz və yəqin ki, sağ qala bilməzdi.

1838-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olub. 1860-1867-ci illərdə Nuxa qəza məhkəməsinin katibi, 1868-1872-ci illərdə Yelizavetpol dairə məhkəməsinin Nuxa magistratura şöbəsinin pristavı vəzifəsində çalışıb.

Daha sonra bir çox qafqazlı ilə birlikdə Türkiyəyə mühacirət etdi. O, rus hakimiyyətinin repressiyasından qorxduğu üçün qardaşları ilə birlikdə İstanbulda qaldı.

1870-ci illərdə Kokand xanlığının şərqində yeni dövlət – Yeddişəhər yarandı və burada Yaqub bəy öz hakimiyyətini elan etdi. Yaqub bəy islahatlar aparmaq istədiyi üçün osmanlı sultanından bir neçə savadlı müsəlman göndərməsini xahiş etdi. Sultan bu xahişi yerinə yetirdi. Göndərilən şəxslər arasında Zaman bəy Şıxəlibəyov da var idi.

1876-cı ildə Türküstan general-qubernatoru Kaufman kapitan Kuropatkin vasitəsi ilə Yaqub bəylə dostluq müqaviləsi bağladı. Həmin il rus səyyahı və coğrafiyaşünası Prjevalski Külcədən İli çayına qədər baş tutacaq ikinci səyahətə çıxmışdı. Yeddişəhərin hüdudlarını tərk edən Prjevalski Zaman bəy haqqında öz gündəliyində minnətdar qeydlər edir.

1877-ci ildə Yaqub bəyin ölümündən sonra Zaman bəy Daşkəndə gəldi və Kaufmanın xahişi ilə Kuropatkinə göstərdiyi xidmətlərə görə minnətdarlıq edən imperator II Aleksandr Zaman bəyin günahını bağışladı və işə götürülməsinə icazə verdi.

1877-1878-ci illərdə Zaman bəy Rusiyanın Əfqanıstana göndərdiyi və general-mayor Nikolay Stoletovun başçılıq etdiyi səfirlikdə iştirak etmişdir.

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights