“Dostu Türkdür qoca Türkün…” – Əliyar Mərdiyevin 75 illik ömür və poeziya zirvəsi

ELAZ.İNFO xəbər verir ki, tanınmış ziyalı və şair, ömrünün 75-ci baharını yaşayan Əliyar Mərdiyevin yaradıcılığı ədəbi mühitdə yenidən diqqət mərkəzindədir. AYB-nin üzvü Elxas Comərd şairin 75 illik yubileyinə ərmağan olaraq, onun poetik dünyasını və qəzəllərindəki gizli mənaları təhlil edib.

Şair zamanın sürətinə və dəyişən münasibətlərə özünəməxsus poetik israrla cavab verir. Onun “Yenə əvvəlki kimi” rədifli qəzəli nostalji hisslərdən daha çox, mənəvi bir mövqenin ifadəsidir:

“Keçə cananla ömür-gün yenə əvvəlki kimi, Ola hər bir işi mümkün yenə əvvəlki kimi.”

Bu misralarda keçmişə xiffət yox, mənəvi mövqe dayanır. Əliyar Mərdiyev vurğulayır ki, xoşbəxtliyin forması dəyişə bilər, amma mahiyyəti və sədaqət anlamına gələn insani dəyərlər dəyişməməlidir. Əliyar müəllim üçün klassik qəzəl forması bir muzey eksponatı deyil, canlı bir ruhdur. Onun misralarında Məcnun bir mif yox, hələ də səhraları gəzən ruhi hal kimi təsvir olunur. Yaşa dolmağı qocalıq saymayan şair, ruhun cavanlığını könlün hökmü ilə əlaqələndirir

Bilə aşiq ilə məşuq qızıl eşqin dəyərin, Gəzə səhraları Məcnun yenə əvvəlki kimi.

Yaşa dolmaq qocalıq əsla sayılmır, gözəlim, Verə öz əmrini könlün yenə əvvəlki kimi.

Sına həm dostunu, həm düşmənini seçmək üçün, Dostu Türkdür qoca Türkün yenə əvvəlki kimi.

Şairin poeziyasında milli təəssübkeşlik və hikmətli öyüdlər ön plandadır. O, türk dünyasının birliyinə və dostluğuna işarə edərək yazır. Eyni zamanda, poeziya onun qələmində bir əxlaq məktəbinə çevrilir. Valideyn qədri və sözün məsuliyyəti haqqındakı misraları hər bir oxucu üçün həyat dərsi mahiyyətindədirş.

Düz söylə sözün kəlməsi qiymətlidi zərdən, Yanlış deyilən söz sonu qəzzavü-qədərdi.” “Ey gül, atanın və ananın qədrini bil ki, Can çıxdı ağızdan, edilən hörmət hədərdi.

Əliyar Mərdiyevin yaradıcılığında gözəllik o qədər uca bir məqamdadır ki, şair belə onun qarşısında sözün acizliyini etiraf edir:

Sübhi-tezdən açılan qönçə qızılgül al olar, Görərək böylə gözəllikləri bülbül lal olar.

Bu etiraf, əslində poeziyanın ucalığına verilən ən böyük dəyərdir. Müəllif Elxas Comərdin qeyd etdiyi kimi, Əliyarın qəzəlləri sübut edir ki, sözün içi dolu olanda klassik forma bu gün də ən təsirli ifadə vasitəsidir.

ELAZ.İNFO kollektivi olaraq dəyərli şairimizi 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq.

AYB-nin, “İti Qələm” Respublika Ədəbi Birliyinin və “Ağsu Yazarları” Ədəbi Birliyinin üzvü, “Vətən Övladı” və “Dəyənək” qəzetinin təsisçisi Elxas Comərd

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights