ELAZ.İNFO xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp rəsmi Tehrana Hörmüz boğazından keçən tankerlərdən ödəniş tələb etməməklə bağlı çağırıb. ABŞ lideri “Truth Social” hesabında paylaşım edərək, İranın keçid haqqı alması ilə bağlı daxil olan xəbərlərdən narazılığını bildirib. “Yaxşı olar ki, bu xəbərlər doğru olmasın. Əgər doğrudursa, onlara dərhal dayandırmağı tövsiyə edirəm”, – deyə Tramp qeyd edib.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt bəyan edib ki, Birləşmiş Ştatlar İranın gəmilərdən rüsum yığmasına qəti şəkildə qarşıdır. Lakin maraqlı məqam ondan ibarətdir ki, rəsmi Vaşinqton və Tehranın boğaz üzərində birgə nəzarəti həyata keçirmə ehtimalı yaxın iki həftə ərzində müzakirə mövzusu olacaq. Bu, regiondakı hərbi gərginliyin diplomatik və iqtisadi tənzimləmə mərhələsinə keçə biləcəyinə işarədir.
Dünya neft ticarətinin mühüm arteriyası sayılan Hörmüz boğazı ətrafında yaranan bu yeni vəziyyət qlobal enerji bazarları üçün həlledici əhəmiyyət kəsb edir. İranın boğazdan keçən gəmilərə “vergi” tətbiq etmə cəhdi beynəlxalq dəniz hüququ və daşıma xərcləri baxımından ciddi fəsadlar törədə bilər. ABŞ və müttəfiqləri naviqasiya azadlığını qorumaq üçün bütün variantları, o cümlədən iqtisadi təzyiq rıçaqlarını masada saxlayır.
Ruslan MƏMMƏDOV