ELAZ.İNFO xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ABC telekanalına verdiyi müsahibədə İranla davam edən hərbi münaqişənin taleyi ilə bağlı sensasion açıqlamalar verib. Ağ Ev rəhbəri münaqişənin həftələr deyil, cəmi bir neçə gün ərzində başa çatacağını iddia edib. Trampın bu bəyanatı ABŞ və İsrailin İranda həyata keçirdiyi hərbi əməliyyatların həlledici fazaya daxil olduğunun göstəricisidir.
Rəsmi Vaşinqton İranın qarşısında aprelin 6-na qədər Hörmüz boğazını açmaq şərtini qoyub. Tramp “Truth Social” hesabında xəbərdarlıq edib ki, əgər tələb yerinə yetirilməsə, çərşənbə axşamı İran üçün “elektrik stansiyaları və körpülər günü” olacaq. ABŞ-ın bu ölkənin mühüm infrastruktur obyektlərinə kütləvi zərbələr endirəcəyi gözlənilir. Prezident Tramp İranla yeni sazişin bağlanma müddətinin uzadılıb-uzadılmayacağı sualına sərt cavab verib. O bildirib ki, İran tərəfinin razılaşmaq üçün kifayət qədər vaxtı olub. “Əgər onlar müqavilə bağlamaq istəmirlərsə, bütün ölkələri yox olacaq”, – deyən Tramp, ABŞ-ın İrana qarşı hərəkətlərində demək olar ki, heç bir məhdudiyyətin olmadığını vurğulayıb.
Beynəlxalq müşahidəçilər belə kəskin bəyanatların qlobal enerji bazarlarına və regional təhlükəsizliyə düzəlməz zərər verə biləcəyindən narahatdırlar. Hörmüz boğazının qapalı qalması dünya neft ticarətini iflic etmək təhlükəsi yaradır. Aprelin 6-sı region və dünya siyasəti üçün “qırmızı xətt” hesab olunur. Donald Tramp administrasiyası İran məsələsini hərbi güc tətbiq etməklə ən qısa zamanda sonlandırmaqda qərarlıdır.
Ruslan MƏMMƏDOV