Dollar asılılığından necə çıxmaq olar?

ELAZ.İNFO xəbər verir ki, dünən qızılın 1 troy unsiyası (31,1 qram) $5400-ı keçdi. Cəmi 2 gün əvvəl onun qiyməti $5000-ı keçəndə bu tarixi rekord adlandırılmışdı. Xatırladıraq ki, 2001-ci ildə qızılın orta qiyməti $1800 idi.

Bu nə deməkdir?

2022-ci ildə Qərb ABŞ-ın təzyiqi ilə Rusiyanın $300 milyardlıq suveren ehtiyatlarını donduranda bütün Qlobal Şərq və Qlobal Cənub anladı ki, əgər Rusiya kimi böyük dövlətin aktivləri həbs edilirsə, onda ondan qat-qat kiçik və gücsüz olan ölkələrin aktivlərinin toxunulmazlığına hansı təminat var? İstənilən bəhanə ilə onların aktivləri də dondurula və mənimsənilə bilər. Bu vaxtdan etibarən ölkələr dollar və avro aktivlərindən asılılıqlarını azaltmağa başladılar.

2025-ci ildə Trampın tarif manipulyasiyaları isə dolları tam etibarsız valyutaya çevirdi.

ABŞ-ın dövlət borcunun sürətlə artması, onun fantastik məbləğə çatması, onu azaltmaq üçün tədbirlər görməməsi göstərir ki, ABŞ borcunu qaytarmaq haqda düşünmür.

Bəs dollar asılılığından necə çıxmaq olar?

Ən vacibi – mərkəzi bankın valyuta ehtiyatlarında dolların xüsusi çəkisini azaltmaqla. Ölkənin xarici ticarət strukturundan asılı olaraq, mərkəzi bankın ehtiyatının 40-80%-i dollarla olurdu.

Bir qayda olaraq, bank ehtiyatları adi dollar valyutası ilə toplanmır. Onlar dollarla nominasiya olunmuş trejerislərdən (ABŞ Xəzinadarlığının istiqrazları) ibarətdir.

Mərkəzi bank ehtiyata qoymaq üçün yığdığı dollara birjada trejeris alır. Dollar ABŞ-a köçürülür, lakin trejeris fiziki olaraq yeni sahibinə çatmır – o yenə ABŞ-da qalır. Bu necə olur? Trejerisi istənilər hüquqi və ya fiziki şəxs sata bilər. Birinci əl trjerisləri ABŞ satır, sonra isə onlar dəfələrlə yeni sahibləri tərəfindən satıla bilərlər. Tutaq ki, Azərbaycan ABŞ-dan və ya Anqoladan trejeris alır. Alqı-satqı rəsmiləşdirildikdən sonra Azərbaycan dolları ABŞ-a və ya Anqolaya ödəyir əvəzində isə fiziki olaraq heç nə əldə etmir. Azərbaycan müvafiq məbləğdə trejerisə sahiblik hüququnu əldə edir. Bu mülkiyyət hüququ Mərkəzi depozitaridə – Nyu-York Federal Rezerv Bankında (FRS-in banklarından biri) qeydə alınır. Azərbaycan öz trejerisini satmaq istəyəndə də əməliyyat eyni depozitari vasitəsilə həyata keçirilə bilər.

Beləliklə, bütün trejeris sahibləri Mərkəzi depozitarinin əsirinə çevrilirlər – o istəməsə, hüququ və ya fiziki şəxs trejerislərini nə sata bilər, nə də yenisini ala bilər. Bu yolla ABŞ (Mərkəzi depozitari) hər hansı ölkənin trejerislərini (aktivlərini) “dondura” da bilər ki, bunu da hərdən edir (İran, Venesuela, Əfqanıstan, Rusiya və s.).

Həm də trejerislər dollarla nominasiya olunub. Dollar sürətlə ucuzlaşır. Bu isə o deməkdir ki, ölkə 10 milyon dollarlıq trejeris alıbsa, 1 il sonra onun real dəyəri trejerisin faiz dərəcəsi nəzərə alınsa belə 10 milyondan aşağı olacaq. Faktiki olaraq bu ABŞ-ın öz inflaysiya yükünü trejeris saxlayanların üzərinə qoymasıdır.

Günlərin bir günü ABŞ dolları denominasiya etsə (məsələn, 1000 dəfə ucuzlaşdırsa), bütün ölkələrin valyuta ehtiyatları çökəcək, ABŞ-ın dövlət borcu isə 1000 dəfə azalacaq. Belə bir şeyin olmayacağına kim təminat verə bilər? ABŞ-ın təminatının nə olduğunu tarix görüb.

1944-cü ildə Bretton-Vuds razılaşmasında dolların beynəlxalq valyuta kimi qəbul edilməsi üçün qızıl standartı müəyyən olunmuşdu (1 troy unsiyası qızıl = $35). 1971-ci ildə ABŞ prezidenti Nikson gözlənilmədən birtərəfli qaydada elan etdi ki, qızıl standartı “kaput”. Dolların qızıl təminatı nəyinizə lazımdır, bizim sözümüz qızıldan da etibarlıdır. Qızıl kimi söz indi 1 troy unsiyası qızılın qiymətini $5400-a qaldırıb (55 ildə 15.400% artım!!!).

Bəs niyə ölkələr dollar ehtiyatlarını azaltmırlar – trejerislərini satmırlar?

Ölkənin valyuta ehtiyatlarının hansı valyutada saxlanması onun xarici ticarəti hansı valyuta ilə aparmasından birbaşa asılıdır. Əgər ölkə ticarətini yalnız dollarla aparırsa, onun ehtiyatlarını dollarla saxlaması təbiidir. Çünki bu ehtiyatlar kurs fərqlərindən sığortalamaq üçün zəruridir.

Dolların (trejerisin) valyuta ehtiyatında xüsusi çəkisini azaltmağın 2 əsas yolu var:

– dolları qızılla əvəz etmək (qızılla istənilən valyutanı almaq olar və ya istənilən valyutaya ekvivalent kimi istifadə etmək olar);

– xarici ticarəti başqa valyutalarla aparmaq.

İndi dünyada məhz bu ikisi baş verir. Bütün ölkələr qızıl ehtiyatlarını artırırlar – bunun nəticəsidir ki, nəinki qızılın, həmçinin digər qiymətli metalların da qiymətləri sürətlə artır. Ölkələr xarici banklarda saxlanılan qızıl ehtiyatlarını öz ölkələrinə gətirməyə çalışırlar – çünki onların mənimsəniləcəyindən qorxurlar. İndi heç kim heç kimə etibar etmir.

BRICS ölkələri bir-biri ilə və sərhəd ölkələrlə ticarəti milli valyuta ilə aparmağa üstünlük verirlər. Rusiya Çinlə, İranla və Hindistanla bütün ticarəti milli valyutada aparır. Çin L.Amerikası və Uşaq Şərq, həmçinin Afrika ölkələri ilə ticarətdə yuanın xüsusi çəkisini daim artırır. Hindistan rupi, S.Ərəbistanı rial ilə ticarətə başlayıb və s.

Bütün bunlar trejerislərdən azad olmağa imkan verib.

Çin, Hindistan, S.Ərəbistanı, hətta Yaponiya trejerislərini satırlar. ABŞ əlavə borc götürmək üçün yeni trejerislərini sata bilmir. Onları ya başqa ölkələri almağa məcbur edir, ya da özü (FRS) alır. Özünün alması isə əlavə dollar emissiyası deməkdir, yəni inflyasiyanı artırır. Eyni zamanda Avropa ölkələrini və digər zəif ölkələri təhdid edir ki, Çin və ya başqa ölkənin valyutası ilə ticarət etməsinlər, başqa sözlə, trejerislərini satmasınlar.

Amma dolların və onunla bərabər ABŞ imperiyasının aqoniyası labüddür. Bunun qarşısını almaq mümkün olmayacaq, çünki itirilmiş etibarı bərpa etmək mümkün deyil.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights