“DOGRULAR VƏ YANLIŞLAR” SERİYASINDAN

Hadisələrin retrospektiv dəyişməsi (hindsight bias)

Retrospektiv təhrif insan yaddaşının ən sistematik və ən yayılmış yanılmalarından biridir. Bu fenomen baş vermiş hadisənin nəticəsini öyrəndikdən sonra insan beyninin həmin nəticəni keçmişdə də “görmüş kimi” qəbul etməsi ilə xarakterizə olunur. Başqa cür desək, beyin əvvəlki dəyərləndirmələri mövcud biliklər fonunda yenidən formalaşdırır və bu dəyişikliklərin özü çox zaman fərq edilmədən baş verir. Nəticədə insanın hadisədən əvvəlki qənaətləri və ehtimalları təhrif olunur və o, sonradan belə düşünməyə başlayır:

“Onsuz da belə olacağı bəlli idi.”

Bu təhrifin əsas səbəbi beynin nəticəni mövcud biliklərlə inteqrasiya edərək məntiqi hekayə yaratmaq meylidir. Hadisə baş verdikdən sonra onun səbəb–nəticə ardıcıllığı daha aydın görünür və beyin bu yeni çərçivəni keçmiş təcrübələrə tətbiq edir. Beləliklə, xatirə yalnız hadisəni deyil, hadisəyə dair əvvəlki “təxminləri” də dəyişmək üçün rekonstruksiya olunur. Fischhoff bu prosesi belə izah edir:

-“Hadisədən sonra insanlar öz əvvəlki biliyini sistemli şəkildə şişirdir və nəticəni qaçılmaz hesab edir” (Fischhoff, 1975, p. 292).

Bu mexanizm gündəlik qərarlarda, sosial münasibətlərdə və iş həyatında tez-tez müşahidə olunur. Məsələn, bir imtahan nəticəsi açıqlandıqdan sonra tələbə öz əvvəlki hazırlığını və sualların çətinliyini fərqli xatırlamağa başlayır: yüksək bal aldıqda sualların “çox da çətin olmadığını”, aşağı bal aldıqda isə əvvəlcədən “mütləq çətin olacağını hiss etdiyini” iddia edə bilər. Əslində bu hisslər imtahan öncəsi deyil, nəticə məlum olduqdan sonra formalaşan retrospektiv rekonstruksiyadır.

Oxşar şəkildə, bir iş müsahibəsində uğur əldə etməyən şəxs sonradan “onsuz da mənə zəng etməyəcəkləri bəlli idi” deyə bilər, halbuki proses zamanı belə bir qənaətə sahib deyildi. Burada beyin yeni məlumatı – uğursuzluğu – keçmiş emosional vəziyyətə tətbiq edərək xatirəni dəyişmiş olur.

Retrospektiv təhrif xüsusilə risk analizi və strateji qərarvermə proseslərində ciddi problemlər yaradır. İnsanlar baş verən mənfi və ya müsbət nəticələrdən sonra öz əvvəlki qərarlarını qeyri-obyektiv şəkildə dəyərləndirir və bu, həm şəxsi, həm də kollektiv öyrənmə proseslərini təhrif edir. Məsələn, müasir geopolitik hadisələrdə – bir münaqişə, iqtisadi böhran və ya pandemiya baş verdikdən sonra – insanlar və hətta ekspertlər “bunun qaçılmaz olduğu əvvəldən bilinirdi” kimi düşüncələr formalaşdıra bilirlər. Lakin faktiki qərarvermə momentində bu qənaətin heç bir empirik dayağı olmaya bilər.

Bu təhrif yalnız biliklə bağlı deyil; emosiyalar da onun gücünü artırır. Uğursuz nəticələrdən sonra insanlar öz məsuliyyət hissini azaltmaq üçün əvvəlki proqnozlarını dəyişməklə “daxili özünümüdafiə” strategiyasını işə salırlar. Uğurlu nəticələrdə isə insan özünü daha bacarıqlı və uzaqgörən hiss etmək üçün keçmişdə daha çox düzgün görmüş kimi davranır. Sosial təsirlər – xüsusilə medianın hadisələri sonradan izah edən narrativləri – retrospektiv təhrifi daha da gücləndirir və kollektiv şəkildə təhrif olunmuş xatirələrin yaranmasına şərait yaradır.

Retrospektiv təhrif insanın hadisələri obyektiv şəkildə qiymətləndirməsini çətinləşdirir, çünki beyin keçmişi real olduqdan çox, indiki biliklərin prizması ilə şərh edir. Bu, həm şəxsi qərarvermədə, həm də geniş sosial proseslərin qiymətləndirilməsində ciddi idrak səhvlərinə gətirib çıxarır. Keçmişi dəqiq təhlil etməyin ən böyük çətinliyi məhz onun hazırki biliklər tərəfindən davamlı şəkildə “yenidən yazılmasıdır”.

Xaləddin İBRAHİMLİ

Professor

Bizimlə oxuyun
Verified by MonsterInsights