ELAZ.İNFO xəbər verir ki, Novqorod Dövlət Universitetinin alimləri ortopantomogramların (çənənin panoram rentgen şəkilləri) avtomatik analizi üçün süni intellekt əsaslı servis hazırlayırlar. Bu sistem həkimlərə rentgen şəkillərindəki patologiyaları saniyələr ərzində və yüksək dəqiqliklə müəyyən etməyə imkan verəcək.
Hazırda rentgen şəkillərinin analizi həkimlər tərəfindən mexaniki (əl ilə) həyata keçirilir. Bu proses həm vaxt aparır, həm də subyektiv faktorlardan asılıdır. Hətta təcrübəli stomatoloqlar belə eyni şəkli fərqli yozumda təhlil edə bilərlər. Xüsusilə xəstəliyin ilkin mərhələlərindəki kiçik dəyişiklikləri gözlə qaçırmaq riski yüksəkdir. Süni intellekt isə bu subyektivliyi aradan qaldırır.
Layihənin müəllifi Lyubov Skladnikin sözlərinə görə, təlim keçmiş ResNet neyroşəbəkə modeli hər bir diş üçün fərdi diaqnoz qoya biləcək. Sistem aşağıdakı halları avtomatik təyin edəcək: Kariyes və pulpit; Ağıl dişlərinin mövcudluğu və ya yoxluğu; Dişlərin retensiyası (çıxa bilməyən dişlər); İltihabi proseslər və kistalar.
Texnologiyanın əsas üstünlüyü onun müxtəlif rentgen aparatlarında çəkilmiş şəkilləri eyni dəqiqliklə tanıya bilməsidir. Alimlər vurğulayırlar ki, bu sistem həkimi əvəz etmək üçün deyil, ona dəstək mexanizmi kimi nəzərdə tutulub. “Ağıllı köməkçi” şübhəli sahələri qeyd edərək həkimin diqqətini həmin nöqtəyə yönəldəcək.
Gələcəkdə bu texnologiyanın sümük rentgeni, daxili orqanların müayinəsi və ultrasəs (USM) şəkillərinin analizi üçün də tətbiqi planlaşdırılır.
Ruslan MƏMMƏDOV