ELAZ.İNFO xəbər verir ki, bu gün 26 yanvar Azərbaycan Ordusunun keçirdiyi, lakin uğursuzluqla nəticələnən “Daşaltı əməliyyatı”ndan 34 il ötür.
Məlumat üçün bildirək ki, “Daşaltı əməliyyatı” 1992-ci il yanvarın 25-də axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən əməliyyat zamanı Azərbaycanın ilk könüllülərdən ibarət taboru 77 şəhid verib.
Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib.
Rəsmi məlumatlara görə, “Daşaltı əməliyyatı”nda Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.
İtkin düşənlərdən biri də Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan təhlükəsizlik orqanlarının zabiti Riad Əhmədov olmuşdur.
R.Əhmədovun xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhərindəki 203 nömrəli tam orta məktəbə onun adı verilmişdir.
“Daşaltı əməliyyatı”ndakı uğursuzluq Xocalı faciəsinə aparan yolun başlanğıcı, həm də ilk kütləvi şəhid verdiyimiz gün idi.
Əli İBRAHİMOV