II Dünya Müharibəsində Kursk döyüşündən (5-16 iyul 1943) sonra Almaniyanın məğlub olacağı artıq hamıya aydın oldu. Məsələ yalnız bunun nə vaxt baş verəcəyində idi. Həmin dövrdən başlayaraq dünya nəhəngləri (o vaxt üçün – SSRİ, ABŞ və Britaniya) dünyanın müharibədən sonrakı bölüşdürülməsi (təsir dairələri) haqqında gizli danışıqlara başladılar.
Belə danışıqların nəticələri ən yüksək səviyyədə aşağıdakı konfranslarda müzakirə edilmişdi:
Tehran konfransı (28 noyabr – 1 dekabr 1943) – 4 gün, Qələbədən 1,5 il əvvəl,
Yalta konfransı (4-11 fevral 1945) – 8 gün, Qələbədən 3 ay əvvəl,
Potsdam konfransı (17 iyul – 2 avqust 1945) – 17 gün, Qələbədən 2 ay sonra.
Yəni hələ ağır müharibələrin getdiyi bir zamanda tərəflər Almaniyada, həmçinin dünyada öz “paylarını” razılaşdırırdılar. Yekun razılaşma Potsdamda oldu…
Potsdam konfransınadək tərəflər öz güclərini göstərməli idilər ki, stol arxasında daha üstün hüquqa malik olsunlar. Stol arxasında ən zəif tərəf Britaniya idi, buna görə də o qalib ölkə sayılsa da, faktiki olaraq, müharibədən uduzan ölkə kimi çıxdı – Britaniya müstəmləkələrini itirdi.
…İndi Ukrayna ətrafında gedən prosesləri izləyəndə məndə analoji təəssüratlar yaranır. Fərq yalnız ondadır ki, II DM zamanı bölüşdürmə müttəfiqlər arasında aparılırdı, indi isə rəqiblər arasında aparılır, hərçənd o vaxt da tərəflər müttəfiq sayılsalar da, əslində, rəqiblər idilər və bunu Qələbədən az sonra göstərdilər.
Hazırda ABŞ, Britaniya, Fransa, Almaniya, Rusiya, Çin, Hindistan, Türkiyə, İran və digər dövlətlər arasında gedən proseslərə baxanda aydın olur ki, yenə müxtəlif səviyyələrdə dünyanın yenidən bölüşdürülməsi üzrə gizli danışıqlar gedir.
Belə görünür ki, ABŞ Baltik ölkələri və Polşanı Britaniyanın, Qafqazı və Moldovanı Fransanın, Ukraynadan qalacaq hissəni Almaniyanın təsir dairəsinə vermək istəyir. Buna görə də Avropada Ukraynaya ən çox yardım edən ölkə Almaniyadır (digərlərindən azı 5 dəfə çox). Lakin bu “pay” uğrunda Britaniya və Fransa da mübarizə aparır. Son günlər Makronun Ukraynaya NATO ölkələrinin əsgər göndərmək niyyətində olduğu barədə bəyanatı da bununla bağlı ola bilər. Xatırladıram ki, Makron bununla bağlı NATO ölkələrinin başçılarını bir yerə yığmışdı. Lakin heç kim onunla razılaşmadı və görüşdən sonrakı mətbuat konfransında Makrondan başqa heç biri iştirak etmədi. Şolts isə görüş bitməmiş jurnalistlərə heç bir söz demədən oranı tərk etdi. İndi də Şoltsla Makronun şəxsi münasibətləri çox gərgindir. Başa düşüləndir, Fransa Almaniyanın “pay”ına iddia edir.
Uzun yazmaq istəmirəm… İndi bütün dövlətlər növbəti “Potsdam”a qədər mövqelərini gücləndirməyə çalışırlar. “Potsdam” isə ABŞ-dakı prezident seçkilərindən sonra gözlənilir.
Maraqlısı budur ki, danışıqlarda Ukraynanın vəziyyəti II DM-də Almaniyanın vəziyyətinə bənzəyir, yəni danışıqlarda Ukrayna da stol arxasında yox, stol üstündədir.
Asif ŞƏFƏQQƏTOV