ELAZ.İNFO xəbər verir ki, Tramp Putinlə, sonra Putin Pezeşkianla telefon danışıqları aparıb. Bu hadisələrdən haqlı olaraq belə nəticə çıxarırlar ki, Putin ABŞ-İran danışıqlarında vasitəçilik edir. Mən bir az fərqli düşünürəm.
Məncə, Putin Trampın onun başına gətirdiklərinin hamısnı ona bircə-bircə yaşatdıracaq.
Tramp Ukraynaya necə silah satır, kəşfiyyat məlumatları verir, raket və dronların kosmik naviqasiyasını təşkil edir, eyni zamanda “peacemaker” mantiyası geyinib, Rusiya-Ukrayna danışıqlarına “vasitəçilik” edirdisə, indi İran müharibəsində Putin də Trampla eyni oyunu oynayacaq – İrana mümkün hər cür yardım göstərəcək, eyni zamanda guya “peacemaker” olacaq. Onun “peacemaker”liyi aylarla – ABŞ bu oyunu başa düşənədək davam edəcək.
İnanmıram ki, Putin 29 dekabrda onu öldürmək üçün təşkil edilmiş hücumu unudub. Əməliyyat MKİ-nin təşkilatçılığı ilə Ukrayna BKİ tərəfindən həyata keçirilmişdi. Putin Novqorod vilayətindəki iqamətgahında olarkən ora 91 dronla çox mürəkkəb sxem üzrə hücum edilmiş, lakin Rusiya HHM sistemləri onların hamısını zərərsizləşdirmişdi. Tramp indi İranda məktəbi raketlə partladaraq, 171 uşağı öldürdüyünü necə həyasızlıqla inkar edirsə, o vaxt da Rusiyanın sübutlar (raketin marşrutizatoru) təqdim etməsinə baxmayaraq, eyni həyasızlıqla raketin ora atılmadığını dedi.
Amma Putinin oyununu təkcə şəxsi qisas hissi ilə izah etmək düzgün olmazdı. Bu oyunda dövləti maraqlar var.
Gəlin məntiqlə fikirləşək. İndiki vəziyyətdə Rusiyaya ABŞ-İran sülhü və ya atəşkəsi lazımdırmı? Bəs İrana necə – lazımdır?
Əvvəl Rusiya mövqeyindən baxaq. Müharibənin davam etməsi ABŞ-ı:
iqtisadi cəhətdən zəiflədir;
silahlarını tükədir;
dövlət borclarını artırır;
Yaxın Şərqdə müttəfiqlərini itirməsinə səbəb olur;
Ukraynanı unutdurur;
supergüc imicinə ölümcül zərbə vurur.
İndi İranın mövqeyindən baxaq.
ABŞ-ın sursatının tükənmək üzrə olduğu, Trampın seçkiqabağı tsuq-tsvanqda olduğu bir zamanda qeyd-şərtsiz sülhü və ya atəşkəsi bu narsisə niyə hədiyyə etməlidir?
Kim təminat verə bilər ki, Tramp sursatını artırdıqdan, gücləndikdən sonra yenidən İrana qarşı müharibəyə başlamayacaq?
Kim zəmanət verə bilər ki, ABŞ, ya onun quduz iti İran siyasi və hərbi rəhbərliyinə qarşı terroru davam etdirməyəcək?
171 uşağın qisası alınmayacaqmı?
Ölkənin ali rəhbərinin və son 2 müharibədə ordu rəhbərlərinin, alimlərinin beynəlxalq müharibə qanunlarına zidd olaraq terrorla öldürülməsi bağışlanacaqmı?
Son iki müharibədə İrana vurulan ziyanı kim ödəyəcək?
Yanvar iğtişaşlarında öldürülən günahsız adamlara görə kim cavab verəcək?
Niyə İran yaranmış əlverişli imkandan istifadə etməməli və İsrailin də kitabını birdəfəlik bağlamamalıdir?
Bunlardan başqa, müharibənin davam etməsi həm Rusiyanın, həm də İranın maraqlarına uyğun olan aşağıdakı hadisələrin baş verməsinə səbəb olur:
neft və qaz qiymətlərinin artması;
gübrələrin qiymətlərinin artması;
ABŞ-ın Yaxın Şərqdən qovulması;
Avropanın zəifləməsi;
ABŞ sanksiyalarının əhəmiyyətsizləşməsi.
Bunları nəzərə alaraq, düşünürəm ki, “danışıqlar oyunu”da Rusiya ilə İran razılaşdırılmış oynadanlar, Tramp isə oynadılan olacaq. Putin guya vasitəçilik edəcək, İran isə əvvəl danışıqlara razılaşmayacaq, sonra ağır şərtlər irəli sürəcək, sonra bir az yüngülləşdirəcək, sonra yenə ağırlaşdıracaq… və beləliklə tərəflər passiv müharibə fazasına keçəcək, İran həm Hörmüz boğazını bağlamaq, həm də Yaxın Şərqdəki Amerika marağına xidmət edən obyektləri vurmaq üçün legitim əsası saxlayacaq.
Fikrimcə, bu oyunun İran tərəfdən iştirakçısı Əli Laricanidir. Ola bilər, Pezeşkianın bu oyundan heç xəbəri də yoxdur. Xəbərinin olmaması onun oyunda səmimi iştirak etməsinə səbəb olacaq ki, bu da vacib şərtdir.
Oyunda Çin var, ya yoxdur – bilmirəm, amma onun maraqları bu ikisinin maraqları ilə tam üst-üstə düşmür.
Asif ŞƏFƏQQƏTOV