Danimarkanın ABŞ-a ada satmaq təcrübəsi var?

I Dünya Müharibəsi zamanı ABŞ Karib dənizindəki təsirini gücləndirmək qərarına gəldi və Danimarka Vest-Hind adaları kimi tanınan əraziyə göz dikdi.

ELAZ.İNFO xəbər verir ki, Qrenlandiyanın ABŞ-a satılması məsələsi ilə bağlı fikirlərini bildirən siyasi şərhçi Asif Şəfəqqətov söyləyib ki, “1916-cı ilin ortalarında ABŞ hökuməti həmin adalara görə Danimarkaya $25 milyon qızıl təklif etdi. Danimarka az gəlir gətirən müstəmləkəsini satmağa tez bir zamanda razılaşdı. Həmin ilin dekabrında adaların ABŞ-a satılmasına dair yalnız metropoliya (Danimarka) sakinləri arasında referendum keçirildi. Nəticə: 283.670 səs lehinə, 158.157 səs əleyhinə. Müstəmləkə sakinlərinin (~27 min nəfər) fikri heç kimi maraqlandırmadı. Daha sonra Danimarka parlamenti müqaviləni təsdiqlədi və 31 mart 1917-ci ildə adalar rəsmi olaraq ABŞ-a satıldı”.

Asif Şəfəqqətov onu da bildirib ki, “ABŞ üç böyük adadan – Sent-Tomas, Sent-Con və Sent-Krus, eləcə də çoxsaylı kiçik adalar və riflərdən ibarət olan indiki Amerika Virgin adalarını əldə etdi. Beləliklə, Karib dənizinin bu kiçik hissəsi Danimarka müstəmləkəsindən ABŞ ərazisinə çevrildi.

Yeri gəlmişkən onu da deyim ki, Virgin adaları arasında 31 hektar ərazisi olan Kiçik Sent-Ceyms adası da var. 1997-ci ildə həmin ada $10,7 milyona amerikalı maliyyəçi Cefri Epşteynə satıldı. Epşteyn adasında isə “dünya elitasının” azyaşlı uşaqlarla nələr etdikləri indi hamıya bəllidir”.

Siyasi şərhçi vurğulayıb ki, “Qrenlandiya da satılacaq və oranın da öz Epşteyni tapılacaq”.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights