ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikası Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri uğurla yekunlaşıb. Agentliyin rəhbəri İlqar Bayramlının başçılıq etdiyi heyət qardaş ölkənin qabaqcıl peşə təhsili müəssisələri ilə tanış olub, təcrübə mübadiləsi aparıb və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.

Bursa şəhərində yerləşən və Azərbaycanın iki mühüm təhsil mərkəzi — Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə qardaşlaşmış Bursa Otomotiv Endüstrisi İhracatçıları Birliği Mesleki ve Teknik Anadolu Lisesi də ziyarət edilib. Burada: Avtomobil texnologiyaları laboratoriyaları; Sənaye tərəfdaşlığı mexanizmləri; Tələbə mübadiləsi və kurikulumların sinxronlaşdırılması məsələləri müzakirə olunub.
Səfərin ən diqqətçəkən məqamlarından biri Baykar Milli Teknoloji Mesleki ve Teknik Anadolu Liseyinə ziyarət olub. Görüşdə müasir dövrün tələbi olan yüksək texnologiyalar üzrə kadr hazırlığı, istehsalat əsaslı təlim modelinin tətbiqi və kurikulumların innovativ sənaye standartlarına uyğunlaşdırılması diqqət mərkəzində olub. Tərəflər müəllim və mütəxəssis mübadiləsi, eləcə də tələbələrin real istehsalat mühitində təcrübə keçməsi imkanlarını dəyərləndiriblər.
Nümayəndə heyəti həmçinin Fatih Selçuk Kız Mesleki ve Teknik Anadolu Lisesi-ndə olub. İKT və moda texnologiyaları üzrə ixtisasların təqdim edildiyi görüşdə müasir emalatxanalara baxış keçirilib. Bu əməkdaşlıq Azərbaycanın peşə təhsili sistemində qadınların texniki sahələrə cəlb olunması və gender balansının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Türkiyənin mebel sənayesi mərkəzi sayılan İnegöldə yerləşən Hacı Sevim Yıldız Mobilya ve İç Mekan Tasarımı Teknolojisi Mesleki ve Teknik Anadolu Lisesi ilə tanışlıq zamanı dizayn yönümlü peşə hazırlığının gücləndirilməsi və sənaye ilə sistemli tərəfdaşlıq modelləri təhlil edilib.
Səfərin sonunda İlqar Bayramlı fəxri qonaq kitabına öz ürək sözlərini qeyd edərək, bu səfərin iki ölkə arasındakı təhsil əlaqələrini daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib.
Ruslan MƏMMƏDOV