ELAZ.İNFO olaraq bir neçə şikayətlə əlaqəli araşdırma qərarına gəldik.
Sual: -Dəfn pulu hansı əmsala uyğun hesablanır?
Buna görə heç bir dövlət orqanına sorğu ünvanlamağa ehtiyac duymadıq.
Palaza bürünüb, elilə sürünərək xalqın arasında kiçik bir araşdırma apardıq.
Kimisi dəfn pulunu aylar sonra aldığını, kimisi ümumiyyətlə süründürməçilik olduğundan heç maraqlanmadığını, kimisə adı var özü heç nəyə gərək olmadığını bildirdi.
Digər bir sualı el mollasına ünvanladıq.
-Ölünü dəfnindən 7 mərasimi də daxil olmaqla xərc nə qədərdir?
-Bu halallıq məsələsidir, bununla bağlı konkret rəqəm yoxdur.
Xahiş etdik ki, biraz səmimi olun…
-Səmimi deyəcəm. Çünki siz jurnalistlər istədiyinizi almasanız məni evə buraxmayacaqsınız…
-Halallıq bölgəyə və məclisin ağırlığına görə dəyişir. Meyit namazı, dəfn 7 mərasimi də daxil olmaqla, rayonlarda ən aşağı pulla hesablasaq 300-500 manat arası.

-Bəs yumaq, kəfənləmək?
-Bu mənə aid deyil, bu işin sahibi başqadır, amma məndə olan məlumata görə bu təxminən qəbir qazmaqla birgə 120-150 arası olmalıdır.
-Nə isə, birinin ölməsi üçün çoxlu vəsait tələb olunur...
Bakıda ev qiymətləri əraziyə uyğun olaraq dəyişdiyi kimi, məzar yerinin də qiyməti onun yerləşdiyi ərazidən asılıdır. Ərazinin şəhərə yaxınlığı qiymətlərdə xüsusi rol oynayır. Biləcəri qəbristanlığında yer 400-500 AZN, Xırdalan qəbristanlığı 800-1500 AZN, Badamdar qəbristanlığı 800-2000 AZN, Günəşli qəbristanlığı 600-1500 AZN, Qaraçuxur qəbristanlığı 200-1000 AZN, Qurd qapısı qəbristanlığı 2000-3000 AZN, Hövsan qəbristanlığı 150-300 AZN, Zabrat qəbristanlığında 500-1000 AZN civarındadır. Bu qiymətlər təbii ki, stabil deyil. İldən-ilə, şərtlərə və şəraitə uyğun dəyişir.
Əlavə olaraq, ölünün yuyulması üçün 70-80 AZN arası məbləğ ödənilir. Qəbir daşının isə ən ucuzu 1000 AZN-dan başlayır. Bu məbləğ 3-5, bəzən isə 10-15 min manata qədər arta bilir.
Çadır pulu, xidmət haqqı, və.s.
Ölmək, yaşamaqdan çox xərc aparır. Çalışın yaşayın.
Ruslan MƏMMƏDOV