Xəzərin maviliyinə sinə gərən, sükuta bürünmüş mavi səthlərdə, təkcə su deyil, həm də tarix axır. Hər yedək, hər burulğan, hər cərəyan arxasında bir zəhmət, bir iradə, bir hünər yatır. Bu dəfə həmin sükutu dələn, üç gün boyunca davam edən bir səfər vardı: “Saturn” neft qazma qurğusunun vətənə dönüşü… daha dəqiqi, Türkmənistan sahillərinə uğurlu və təhlükəsiz geri qaytarılması.
Bu möhtəşəm texniki əməliyyat sadəcə dəniz üzərində qurğuların daşınması deyildi – bu, Azərbaycan gəmiçiliyinin peşəkarlığının, sistemli hazırlığının və əzmli kollektiv ruhunun təntənəsi idi. Əməliyyatın təşkilində və icrasında AZCON Holdinq şirkətlərindən olan ASCO (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi) şirkətinin gəmiləri və onların fədakar heyətləri ön sıralarda yer aldı.
Qurğu Şıx limanından ayrılarkən onu müşayiət edən “Hövsan”, “Hövsan 2” və “SOCAR 1” gəmiləri kimi tanınan nəhəng dəniz nəbzləri, sanki bir orkestrin ritmini tutmuşdu. Onların dalğalara hökm edən hərəkəti, koordinasiyalı manevrləri və qərarlılıq dolu iradəsi ilə yola çıxan “Saturn”, bu səfərə güvənlə başladı.
Daha sonra onun yedəklənməsi üçün vəzifəni “Andoqa”, “Şüvəlan” və “Mərdəkan” gəmiləri təhvil aldı. Bu adlar Xəzərdə sadəcə gəmi adı deyil – onlar peşəkar dənizçilik tarixinin canlı simvollarıdır. Hər biri illərin təcrübəsini, fırtınalarla yoğrulmuş soyuqqanlılığı və texniki ustalığı daşıyır.
Üç gün ərzində küləklə yarışan, dərinliklərlə dil tapan bu səfər , ən incə detallarına qədər düşünülmüş plan əsasında icra olundu. Dəniz, heç vaxt bir plan üzrə hərəkət etməz. Amma bu dəfə plan, dənizi öz intizamına tabe etdi. Bu isə yalnız yüksək ixtisaslı, təcrübəli və həmrəy bir komandanın işi ola bilərdi.
Qurğunun sağ-salamat çatdırılması yalnız texniki deyil, həm də strateji əhəmiyyət daşıyan bir vəzifə idi. Azərbaycan gəmiçiliyi bu missiyanı ləyaqətlə başa vurdu.
Əməliyyat bununla bitmədi. Geri dönüşdə ASCO gəmiləri başqa bir əhəmiyyətli yük – “Neptun” qazma qurğusunu ölkəmizə gətirmək vəzifəsini öz üzərinə götürdü. Hal-hazırda bu məqsədlə yedəkləmə hazırlıqları aparılır. Dəniz yenidən nəfəsini tutub; növbəti bir yüklə, növbəti bir missiya ilə Azərbaycan gəmiçiliyinin əzmini müşahidə edir.
Bu hadisə bir daha sübut etdi ki, Azərbaycan dənizçiləri – fırtınalara meydan oxuyan, məsuliyyəti ilə seçilən və Xəzər sularında örnəyə çevrilən bir nəsildir. Onların əməyi sadəcə dalğalarla deyil, ölkənin iqtisadi təhlükəsizliyi və enerji siyasəti ilə iç-içə toxunmuşdur.
Biz bu gün fəxr edirik – çünki bizim dənizçilərimiz var. Onlar səssiz dənizin səsi, dalğaların ritmi, vətənə xidmət edən görünməz qəhrəmanlardır.
Sakit MALİKOV