İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsi (CPT) Avropa Şurası tərəfindən yaradılmış xüsusi beynəlxalq mexanizmdir. Onun əsas məqsədi insan hüquqlarının qorunması, xüsusilə də işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınmasıdır.
CPT 1987-ci ildə qüvvəyə minmiş “İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması haqqında Avropa Konvensiyası” əsasında təsis edilmişdir. Bu orqan işgəncələrin yalnız cəzalandırılmasının deyil, həm də onların qabaqlanmasının vacibliyini əsas götürür. Komitənin iş prinsipi preventiv xarakter daşıyır. Yəni CPT hər hansı ölkədə şikayət və ya müraciət əsasında deyil, öz mandatı əsasında istənilən vaxt yoxlamalar apara bilər. Komitənin üzvləri müstəqil ekspertlərdən ibarət olur və onların fəaliyyətində tərəfsizlik əsas şərtdir. CPT nümayəndələri üzv dövlətlərin istənilən məkanına həbsxanalara, istintaq təcridxanalarına, polis idarələrindəki müvəqqəti saxlama yerlərinə, psixiatrik müəssisələrə və digər azadlıqdan məhrumetmə yerlərinə məhdudiyyətsiz giriş hüququna malikdirlər. Bu zaman əsas məqsəd həmin məkanlarda saxlanılan şəxslərin şəraitini, onlara münasibəti araşdırmaq və standartların beynəlxalq normalara uyğunluğunu qiymətləndirməkdir.
Azərbaycan da CPT-nin fəaliyyətində iştirak edən dövlətlərdəndir. Ölkə bu konvensiyaya qoşulmaqla öz üzərinə müəyyən öhdəliklər götürmüşdür. CPT mütəmadi olaraq Azərbaycanda monitorinqlər aparır, penitensiar müəssisələrdə, istintaq təcridxanalarında, polis idarələrində və digər saxlanma yerlərində vəziyyəti qiymətləndirir. Bu səfərlər nəticəsində Komitə hesabatlar hazırlayır və tövsiyələr verir. Hesabatlar dövlətin razılığı ilə dərc edilir və adətən orada həm müsbət tərəflər, həm də aradan qaldırılması vacib olan çatışmazlıqlar göstərilir. CPT-nin Penitensiar xidmətlə qarşılıqlı əlaqəsi xüsusi əhəmiyyət kəsb edir. Çünki işgəncə və qeyri-insani rəftar riskinin ən çox ehtimal olunduğu məkan məhz azadlıqdan məhrumetmə yerləridir. Penitensiar xidmət CPT nümayəndələrinin müəssisələrə sərbəst daxil olmasına, saxlanılan şəxslərlə təkbətək ünsiyyət qurmasına şərait yaratmaqla yanaşı, Komitənin verdiyi tövsiyələrin icrası istiqamətində də fəaliyyət göstərir. Bu tövsiyələr əsasən saxlanma şəraitinin yaxşılaşdırılması, tibbi xidmətin gücləndirilməsi, kadr hazırlığının təkmilləşdirilməsi və məhkumların hüquqlarının təmin olunması ilə bağlı olur. Beləliklə, CPT beynəlxalq səviyyədə işgəncələrin qarşısının alınması üçün mühüm mexanizmdir və onun fəaliyyəti milli penitensiar sistemlərin humanistləşməsinə, şəffaflığın artmasına, eyni zamanda cəmiyyətin ədalət və hüquq prinsiplərinə inamının möhkəmlənməsinə xidmət edir. Azərbaycanın Penitensiar xidməti ilə bu qurum arasında qurulan əməkdaşlıq həm dövlətin beynəlxalq öhdəliklərinin icrasına, həm də məhkumların insan kimi layiqli şəraitdə saxlanmasına yönəlmişdir.
Əli İBRAHİMOV
Hüquqşünas, Vəkil