Çoxmu uzaqlaşmışıq bu seks acgözlüyündən?

Xudayar bəy qazıya rüşvət verib Zeynəbi siğə etdirməkdən ötrü zavallı bir bədbəxtin eşşəyini əlindən alıb aparıb satır. Çoxmu uzaqlaşmışıq bu seks acgözlüyündən? Misallarmı gətirim sizə məhkəmə xronikasından?

Novruzəli poçt qutusunun nə olduğunu bilmir. Halbuki, poçt xidmətini dünyada yaradan onun ulu babası Çingiz xan idi.

Novruzəli heç babasının da kim olduğunu bilmir. Çünki nəçənnik urus idi, onun padşahı isə çar Nikolay. Nəçənniyi bu məmləkətə kim gətirib çıxarmışdı? Tehrandakı sarayda yüzlərlə arvadı, ondan beşqat artıq da uşağı bir-birinə qarışdırmış qurumsaq padşahlar. Məmləkət yaddan çıxmışdı, saray intriqaları onları çoxdan çökdürmüşdü. Usta Zeynalı da onlar bura göndərmişdilər ki, get çörəyini oralarda qazan, buradakı çörək heç bizə bəs eləmir. İndi bu Muğdusi Akop kopoyoğlu neyləsin ki, usta Zeynalın geyməyə yalnız bir şalvarı və bir köynəyi var?!

Özünü pristavın ayaqqabısının tozu sayan Qurbanəli bəydən bu yazıq Mirzə Cəlil necə kişi düzəltsin?

O zaman ədəbi cərəyan kimi tənqidi realizm deyilən şey ədəbiyyata hakim idi. Onu rus ədəbiyyatına Avropadan Qoqol gətirmişdi. Milli eybəcərliyinə görə Qoqolun qəhrəmanları daha biabırçı haldadır. Onlar tənqiddən nəticə çıxararaq, gəlib Məmmədhəsən əminin torpağını işğal etdilər və buranın insanlarını özlərinin beşinci dərəcəli kopyasına, yəni köləsinə çevirdilər. Tənqidi realizmin qanunlarına baxanda Mirzə Cəlil bu xalqla çox yumşaq davranıb. Bədii əsərlərində onları karikaturalaşdırmayıb, o missiyanı “Molla Nəsrəddin” jurnalında yazıçı kimi deyil, publisist kimi yerinə yetirib. Çünki o zülmlər o qədər dəhşətli və eybəcər idi ki, bədii mətnə sığmırdı.

Ən azı, yüz il keçib, çoxmu dəyişmisiniz, ey puldan, sərvətdən və seksdən doymayan acgözlər? Həssas zamandı, çox şeylər deyərdim, demirəm, üstümüzə gələn var.

Bu, məqalə deyil, məqalə də zamana sığmadı. Hörmət etdiyim bir qadının Mirzə Cəlili türk insanını aşağılamaqda ittiham etdiyini eşidəndə demək istədiklərimin xülasəsidir. Həyat və zaman hər gün göstərir ki, bu ölkədə türk insanını Mirzə Cəlil qədər sevənlər elə də çox olmayıb. Olsaydı, “Əkinçi”ni, “Molla Nəsrədin” onlar buraxardı. Olsaydı, biz son 200 ildə yaşadıqlarımızdan daha yaxşı nəticələr çıxarardıq.

Səfər ALIŞARLI

Yazıçı

Bizimlə oxuyun
Verified by MonsterInsights