ELAZ.İNFO xəbər verir ki, Yeni Cənubi Uels Universitetinin (UNSW) bioloqları Avstraliya sahillərində çoxhüceyrəli canlıların ortaq əcdadına yaxın olan unikal mikrob koloniyaları aşkar ediblər. Bu kəşf sübut edir ki, mürəkkəb quruluşlu ilk hüceyrələr – eukariotlar məhz bu cür mühitdə formalaşmağa başlayıb. Tədqiqatçı Brendan Börnsün sözlərinə görə, qədim stromatolitlər (laylı daş strukturlar) təkcə həyatın deyil, həm də mürəkkəb orqanizmlərin yarandığı əsas nöqtə ola bilər.
Alimlər izah edirlər ki, təxminən 2,1-2,3 milyard il əvvəl qədim arxeyalar (mikroblar) müəyyən növ bakteriyaları udub, lakin onları məhv etməyib. Bu bakteriyalar zamanla hüceyrənin “enerji stansiyası” olan mitoqondrilərə çevrilib. Bu proses hüceyrələrə daha çox enerji və mürəkkəbləşmək imkanı verib. Beləliklə, yer üzündə mürəkkəb həyat formalarının əsası qoyulub.
Avstraliyanın Hemelin-Pul milli parkında tapılan stromatolitlərin içində kükürd birləşmələrini parçalayan bakteriyalarla yeni növ “asqardarxeyalar” arasında qeyri-adi əməkdaşlıq müəyyən edilib. Bu iki növ mikrob boru şəkilli nanostrukturlar vasitəsilə bir-birinə birləşərək faydalı maddələr mübadiləsi aparırlar. Arxealar bakteriyaları hidrogen və kükürdlə təmin edir, qarşılığında isə vitamin və aminturşular alırlar.
Bu tapıntı milyardlarla il əvvəl baş vermiş birləşmə prosesinin bu gün baş verən canlı nümunəsidir. Alimlər ümid edirlər ki, Avstraliya stromatolitlərindəki bu arxealar üzərində aparılan sınaqlar həyatın mənşəyi və mürəkkəb canlıların təkamülü barədə suallara qəti cavab verəcək. Bu, sadə mikrob birləşmələrindən insan səviyyəsinə qədər uzanan uzun təkamül yolunun başlanğıc nöqtəsini anlamağa kömək edəcək.
Ruslan MƏMMƏDOV