ELAZ.İNFO xəbər verir ki,son vaxtlar qadın qətllərinin statistikası dəhşət saçır. Təkcə bir ayda baş verən qadın qətllərinin sayına baxanda, açıq-aydın görünür ki, cəmiyyətimizdə qadınlara qarşı aqressiya xeyli artıb. Çox təəssüf ki, bu hadisələrdə ana qətlləri də var.
Məişət zorakılığı nədir?- bu anlayış barədə indi hətta körpə uşaqlarımız da bilir. Bəlkə də səbəb bu dövrümüzdə zorakılığın çox baş verməsidir. Əvvəllər də yəni, yüz il bundan əvvəl də zorakılıq olub, yüz il bundan sonra da olacaq və bu gün də aktual məsələlər sırasındadır. Zorakılıq sözünün mənası “hücum etmək” deməkdir. Qarşı tərəfi və ya tərəfləri öz istəyinə uyğun, öz mənafeyinə uyğun davranması üçün zorlayan, zor tətbiq edən deməkdir. Zorakılıq deyəndə əksəriyyətimizin beynində “döymək”, “cinsi zorlama” və.s fiziki zorakılıq canlanır. Amma zorakılıq təkcə bunlarla məhdudlaşmır.
Məişət zorakılığının qarşısının alınması haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU-da deyilir ki, bu qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.
Natəvan BƏYDİLİ