Çörək hörmət, bolluq və firavanlıq rəmzi, xalqımızın mədəni irsidir

ELAZ.İNFO xəbər verir ki, 16 Oktyabr Ümumdünya Çörək Günüdür.

Milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar üçün Çörək müqəddəs və ən vacib qida məhsulu sayılır. Buna görə də hər il 16 oktyabrda Ümumdünya Çörək Gününün qeyd olunması təəccüblü deyil. Bayram Beynəlxalq Çörəkçilər və Qənnadıçılar Birliyinin təşəbbüsü ilə 2006-cı ildə təsis edilib.

Tarixin məhz bu günə təsadüf etməsi -16 oktyabr 1945-ci ildə kənd təsərrüfatının və onun istehsalının inkişafında problemlərin həlli ilə məşğul olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yaradılması ilə əlaqədardır. Bu gün, hər zaman olduğu kimi, dünyanın hər bir ölkəsində çörək və çörək məhsulları geniş və sevgi ilə istifadə olunur.

Hər zaman çörək hörmət, bolluq və firavanlıq rəmzi, xalqımızın irsi hesab olunub. Qədim dövrlərdən bəri Azərbaycanda əkinçiliklə məşğul olunub, ölkədə tapılmış paxlalı taxıllar buna sübutdur.

Qədim dövrlərdən ocaq, çörək və ana südünə and içirik, çörəyi bıçaqla kəsmirik, əlimizlə bir parça qoparırıq, çünki Çörək – bizim üçün müqəddəsdir. Azərbaycanda süfrəni çörəksiz təsəvvür etmək mümkün deyil. Azərbaycanda da başqa ölkələrdə olduğu kimi çörək məhsulları insanın qida rasionunun ən əhəmiyyətli və ən vacib hissəsi kimi qəbul edilir.

Əsl çörək bişirənlər qədim misirlilər sayılır. Sonralar çörəkbişirmə peşəsi qədim yunanlara da keçib. Onlar çörəyi gildən düzəldilmiş formalarda bişirirdilər. Həmin formalara “klibanos” deyirdilər. Qədim qotların çörəyə verdikləri “xlayfs”, qədim alman dilində “xlayb”, rusların “xleb”, ukraynalıların “xlib”, estonların “leyb” adları “klibanos” adından törənmiş sözlərdir.

Əli İBRAHİMOV

Hüquqşünas, Vəkil

Bizimlə oxuyun
Verified by MonsterInsights