ELAZ.İNFO xəbər verir ki, ötən əsrin 80-ci illərində 20-dən çox ölkədə çip istehsal olunurdu. Qeyd etdiyim kimi, qabaqcıl çip istehsalı nəhəng kapiatl qoyuluşu tələb edirdi. Artıq ayrı-ayrı ölkələr belə böyük vəsait qoymaq iqtidarında deyildilər. Bu amil sərmayələri – istehsalı birləşdirməyi tələb edirdi. İstehsalın qloballaşması (təmərküzləşməsi) iqtisadi cəhətdən səmərəlidir – bu çoxdan məlum olan həqiqətdir. İri şirkətlər məhz bu səbəbdən yaranırlar. Lakin bunu edə bilmirdilər. Niyə?
Məsələ burasındadır ki, istehsalın bir yerdə cəmlənməsi həm də təhlükəsizlik riski yaradır. Nə qədər ki SSRİ var idi, bunu etmək düzgün olmazdı. SSRİ dağılandan, Rusiya yarımüstəmləkəyə çevriləndən sonra Qərb (ABŞ) üçün bu risk yoxa çıxdı. O vaxt kapitalizm yoluna qədəm qoyan sosialist Çinini Qərb ciddi qəbul etmir, güclənəcəyinə inanmırdı. Onlar Çinin ya SSRİ kimi parçalanacağına, ya da kapitalizm quruluşuna keçəcəyinə inanırdılar. Hesab edirdilər ki, Çinin inkişafını da Yaponiya kimi məcburi şəkildə dayandıra bilərlər. Qərbdəki bu eyforiyanın təsiri altında 1992-ci ildə amerikalı sosial filosof Frensis Fukuyama “Tarixin sonu” kitabını yazdı. Tarix müxtəlif ideologiyaların mübarizəsi nəticəsində inkişaf edir. Fukuyamaya görə liberalizm ideologiyası artıq tam, qəti və əbədi qələbə çalıb, yəni ideologiyalar mübarizəsi qurtarıb. Deməli, tarix başa çatıb. Bu kitab 2010-ci ilədək ən çox təbliğ olunan, filosof, politoloq və sosialoqlar arasında ən populyar əsərlərdən biri oldu… (2023-cü ildə Fukuyama səhv düşündüyünü etiraf etdi.)
Həmin illərdən, xüsusən də, SSRİ dağılandan sonra özünə ideoloi rəqib görməyən Qərb bütün istehsalatları qlobalistləşdirməyə və keçmiş müstəmləkə ərazilərinə köçürməyə başladı. Çip istehsalı bu eyforiya fonunda Tayvana köürüldü. Niyə Tayvana? Qərb Çini dünya fabrikinə çevirmək istəyirdi – burada sosializmin yaxşı təhsil verdiyi saysız-hesabsız ucuz işçi qüvvəsi var idi. Gələcəyin az qala bütün cihazlarında çip tətbiq ediləcəkdi. Çip istehsalını Çində yerləşdirmək olmazdı, çünki bu halda Çin gələcəkdə ondan Qərbə təzyiq vasitəsi kimi istifadə edə bilərdi. Ən idealı çip istehsalını Çinin yaxınlığında, lakin ondan asılı olmayan (düşmən olan) ölkədə yerləşdirməkdir. Bu cəhətdən Tayvan ideal ərazi idi. Tayvan heç vaxt Qərbə meydan oxuya bilməz (həm balacadır, həm də statusu qeyri-müəyyəndir), həm də onu Çindən qorumaq asandır – o vaxt Çinin hərbi donanması yox kimi idi, Tayvan akvatoriyası ABŞ və Britaniya donanmasının nəzarətində idi.
Aydındır ki, Qərb istehsala nəzarəti öz əlində saxlamalı idi. Amma Qərb nəinki bir ölkə, heç bir qitə də deyil. Qərara gəlindi ki, nəzarət elə bölüşdürülsün ki, nə ABŞ Avropasız, nə də Avropa ABŞ-sız keçinə bilməsin. Beləliklə çip istehsalı zənciri aşağıdakı kooperasiyada təşkil edildi:
1. ABŞ (“beyin mərkəzi”) – çip sahəsində elmi araşdırmalar, layihələndirmələr (dizayn) aparır, onların patentlərinə sahib olur;
2. Avropa (“beyin mərkəzi 2”) – çip istehsalı üzrə avadanlıqları layihələndirir və istehsal edir, onların patentlərinə sahib olur;
3. Tayvan (“əllər”) – 2-cinin avadanlığında 1-cinin layihəsi üzrə çiplər istehsal edir.
Avropa kimi Aİ çıxış edirdi. Lakin Aİ-də ölkə çoxdur. İstehsalatı qurmaq üçün bir ölkə seçilməli idi. Niderland seçildi və 1984-cü ildə ASML şirkəti bu ölkədə litoqrafiya avadanlıqları istehsal etməyə başladı. Niyə Niderland? Litoqrafiya avadanlığı strateji məhsuldur və onun istehsalı monopolistləşdirilib. Bu monopoliya güclü dövlətə (Britaniya, Fransa, Almaniya, İtaliya) verilə bilməz – bunu nə ABŞ, nə də Avropanın digər güclü dövlətləri istəməzlər. O vaxt Britaniya Aİ-nin (Avropa İcmasının, Avropa İttifaqı 1993-cü ilə qədər belə adlanırdı) tərkibində idi. Deməli, nisbətən zəif dövlət seçilməli idi. Niderland, yəqin ki, Britaniyanın təsiri altında seçilib. Çünki bu dövlət qeyri-rəsmi olaraq Britaniya “çətiri” altındadır. İndiki Britaniya aristokratiyasının əsas hissəsi Niderland əsillidir. Bundan əlavə, Niderland həm qlobal ticarət, həm də xaricdən hərbi təzyiq göstərilməsi (“cızığından çıxarsa”) baxımından əlverişli coğrafi mövqeyə malikdir.
Çip istehsalının qloballaşması öz bəhrəsini verdi. On milyardlarla dollar sərmayələr ayırmağın mümkünlüyü sayəsində son 40 ildə çiplərin ölçüsü yüz dəfədən də çox kiçildildi.
Ardı var…
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi
