ABŞ Çinlə iqtisadi yarışda artıq məğlub olub. Bundan sonra da iqtisadi yolla ona qalib gəlmək potensialı yoxdur. Buna görə də ABŞ-ın dünya hegemonluğunu saxlaması üçün yeganə əlacı Çinin inkişafına mane olmaqdır. Bunun üçün Çinin dəniz ticarət yollarını bağlamaq kifayətdir. Yolları bağlanarsa, Çin nə ixrac, nə də idxal edə biləcək. Çin iqtisadiyyatı ixracdan asılı iqtisadiyyatdır. İxrac dayanarsa, yüz milyonlarla insan işsiz və deməli, pulsuz qalacaq – bu da Qərbin köməyi ilə Çində “Maydan” yaratmaq üçün münbit şərait yaradacaq.
Bundan başqa, Çin strateji məhsulların idxalından asılı ölkədir. Müharibə zamanı ölkə üçün ən vacib strateji məhsullar hansılardır? Ərzaq və enerjidaşıyıcıları. Çin bunların ikisini də (əhəmiyyətli hissəsini) idxal edir.
2022-ci ilədək Çin nefti-qazı İrandan və ərəb ölkələrindən alırdı. Ərzağı isə müxtəlif ölkələrdən alır. Bütün bu məhsullar Çinə gəmilərlə daşınır. Deməli, dəniz blokadası Çində aclığa və enerji çatışmazlığına səbəb ola bilər. Bu da üsyanlar üçün yol aça bilər.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi