ELAZ.İNFO xəbər verir ki,İran xəstəxanaları etirazçıların cəsədləri və yaralıları ilə dolub
Britaniyanın Teleqraf qəzeti İranda etirazların sərt şəkildə yatırılması ilə bağlı dəhşətli bir reportaj yayımlayaraq yazıb ki, ölkə xəstəxanaları cəsədlər və yaralı etirazçılarla dolub, səhiyyə sistemi isə iflas həddinə çatıb. Həkimlərin sözlərinə görə, morqlar dolub-daşır, təcili yardım şöbələri qan içindədir və təhlükəsizlik qüvvələrinin etirazçılara birbaşa atəş açması nəticəsində tibb müəssisələrinə misli görünməmiş sayda qurban gətirilir.
Hesabata əsasən, cəsədlər və yaralılar fasiləsiz şəkildə təcili yardım maşınları, şəxsi avtomobillər, hətta yük maşınları ilə xəstəxanalara daşınır. Bir çox hallarda ailələr yaralıları piyada, qucaqlarında və ya çiyinlərində daşıyaraq xəstəxanaya çatdırmağa məcbur qalıblar. Bəzi yaralılar xəstəxanaya çatmamış həyatını itirib, digərləri isə təhlükəsizlik şəraiti səbəbindən ümumiyyətlə tibb müəssisələrinə aparılmayıb.
Teleqraf yazır ki, hökumət qüvvələrinin cəsədləri ələ keçirməsindən qorxan ailələr bəzi hallarda meyitləri evlərdə saxlamağa məcbur olublar. Həmçinin xəstəxanaların belə təhlükəsiz olmadığı bildirilir: təhlükəsizlik qüvvələri yaralıları həbs etmək və ya cəsədləri aparmaq məqsədilə tibb müəssisələrinə basqın ediblər.
İran daxilində çalışan həkimlər dünyanın qalan hissəsi ilə məhdud əlaqələr vasitəsilə danışaraq ciddi avadanlıq çatışmazlığından, tibb işçilərinin həddən artıq yorğunluğundan və günlərlə fasiləsiz işləmək məcburiyyətində qaldıqlarından söz açıblar. Tehranın yaxınlığında çalışan bir həkim bildirib: “Xəstəxanalarda qan su yerinə axır.”
Aydan