ELAZ.İNFO xəbər verir ki, Çin tərəfi Rusiya vətəndaşları üçün vizasız giriş rejimini daha bir il müddətinə uzatmağa hazır olduğunu rəsmən bildirib. Hazırda Rusiya Xarici İşlər Nazirliyi çinli tərəfdaşlarla qarşılıqlı gediş-gəliş qaydalarının qorunub saxlanılması mexanizmləri üzərində işləyir. Çinin Moskvadakı səfiri Can Hanhuey bu rejimin hər iki ölkə üçün geniş imkanlar yaratdığını və onun uzunmüddətli tətbiqinə ümid etdiyini vurğulayıb.
Rusiya Prezidenti Vladimir Putinin 2025-ci il dekabrın 1-də imzaladığı fərmana əsasən, Çin vətəndaşları 2026-cı il sentyabrın 14-nə qədər Rusiyaya 30 gün müddətinə vizasız gələ bilərlər. Çin isə analoji rejimi Rusiya vətəndaşları üçün 2025-ci il sentyabrın 15-dən tətbiq etmeye başlayıb. Tərəflər bu qarşılıqlı münasibətlərin müddətini daha 12 ay artırmağı planlaşdırırlar.
Rusiya digər Asiya ölkələri ilə də bənzər sazişlər üzərində çalışır. Hindistan tərəfi turist qrupları üçün vizasız rejim təklifini nəzərdən keçirir. Eyni zamanda Vyetnamla da qrup şəklində vizasız turizm səfərlərinin işə salınması üçün danışıqlar aparılır. Bu addımlar region ölkələri arasında turizm dövriyyəsinin artırılmasına və iqtisadi əlaqələrin dərinləşməsinə xidmət edir.
Ruslan MƏMMƏDOV