Çin vaxt udacaq- vaxt isə Çinin xeyrinə, ABŞ-ın ziyanına işləyir

ELAZ.İNFO xəbər verir ki, Financial Times-ın məlumatına görə, ABŞ Müdafiə nazirinin müavini Elbric Kolbi təkcə Avropanı deyil, Asiyanı da dəli edib. O, Yaponiya, C.Koreya və Avstraliyadan tələb edir ki, Tayvan ətrafında münaqişə baş verərsə, ona qoşulacaqlarına zəmanət versinlər. Başqa sözlə, anti-Çin cəbhəsinə qoşulduqlarını birmənalı şəkildə bildirsinlər. Bununla belə ABŞ özü Tayvana belə təhlükəsizlik zəmanəti vermir.

Görünən budur ki, Pentaqon Cənubi Çin dənizində vəziyyətin gərginləşəcəyi təqdirdə ilk növbədə başqalarının əli ilə döyüşmək istəyir. Yəni Çinə qarşı da “ukraynalar” hazırlayır.

Kolbi Sakit Okean hövzəsindəki müttəfiqlərindən hərbi xərclərin ÜDM-in ən azı 3,5%-nə, idealda isə 5%-nə qədər artırılmasını tələb edir. Hazırda həmin ölkələr üzrə hərbi xərclər aşağıdakı kimidir (ÜDM-ə nisbətdə):

🇰🇷 C.Koreya – 2,6%,

🇹🇼 Tayvan – 2,4%,

🇦🇺 Avstraliya – 2,0%,

🇯🇵 Yaponiya – 1,6%,

🇵🇭 Filippin – 1,4%.

Kolbi bu yaxınlarda Yaponiya və Avstraliya müdafiə nazirləri ilə görüşlər keçirib və bu görüşlərdə ölkələrinin hipotetik hərbi ssenaridə iştirakı məsələsini qaldırıb. Yaponiya Müdafiə Nazirliyi hipotetik ssenarilərə cavab vermədiyini və mümkün hərəkətlərin konstitusiya və beynəlxalq hüquq çərçivəsində müəyyən ediləcəyini bildirib. Avstraliya isə heç bir şərh verməyib – bu ölkə daxilində müzakirələrin getməsindən və tam konsensusun olmamasından xəbər verir.

Əslində, bu cür taktika ABŞ üçün standartdır. Hər hansı bir münaqişədən əvvəl dövlətlər əvvəlcə koalisiya yaradır və bu koalisiyada rolları və funksiyaları bölüşdürürlər. İraqda, Əfqanıstanda, Liviyada, Suriyada belə idi. Rusiya ilə bağlı da belə oldu. Çinlə də belə olacaq və Çin bunu başa düşür.

Lakin Asiya müttəfiqlərinə qarşı sərt təzyiqlər onların etirazlarına səbəb olub. Heç bir ölkə növbəti “Ukrayna” olmaq istəmir.

2022-ci ildən NATO-nin illik sammitlərində müşahidəçi qismində iştirak edən Yaponiya və C.Koreya rəhbərləri bu il 23-24 iyunda Haaqada keçirilən NATO sammitində iştirakdan imtina etdilər. Bildiyiniz kimi, bu sammitdə NATO ölkələri Tramp qarşısında hərbi xərcləri tədricən 5%-ə qaldırmaq öhdəliyi götürdülər.

Hərbi fikir ayrılıqları hətta son vaxtlar ABŞ və Yaponiya arasında yüksək səviyyəli danışıqların pozulmasına səbəb olub. Tarif müharibələrində irəliləyişin olmaması vəziyyəti daha da gərginləşdirir. Bundan əlavə, Tokio hələ də sonsuz hökumət böhranı vəziyyətindən çıxa bilmir. C.Koreyada isə artıq hakimiyyətə ABŞ-la münasibətlərə yenidən baxmağa hazır olan praqmatiklər gəlib.

Buna cavab olaraq Trampın komandası Koreyanı yarımadadan qoşunlarını çıxaracağı və Avstraliyanı isə AUKUS müqaviləsinə yenidən baxacağı ilə hədələyir. Tayvan isə pulunu ABŞ-a ödədiyi silahları illərdir ki ala bilmir, çünki onlar Ukraynaya göndərilir. Yaponiya ABŞ-la tarif müharibəsi fonunda ABŞ-ın hərbi bazasının Okinavadan çıxarılması məsələsinə baxır, ABŞ trejerislərini kütləvi şəkildə satışa çıxarır.

Pentaqonun baş hərbi strateqi Kolbi ABŞ-ın Uzaq Şərqdə mövqelərini sürətlə itirdiyindən, Çinə rəqabətdə uduzmasından qorxuya düşüb. Buna görə də o, Ukrayanaya hər hansı yardımı təcili dayandırmaqda, bütün diqqətin Çin ətrafına cəmlənməsində təkid edir.

🇷🇺 Bu səbəbdən ABŞ Ukraynada münaqişəni təcili həll etmək yox, dondurmaq (konservasiya etmək) istəyir. Bunun üçün ABŞ Rusiya və Ukrayna arasında atəşkəsə nail olmalıdır. Rusiya isə atəşkəsə razı deyil, o münaqişəni birdəfəlik həll etmək niyyətindədir və ABŞ-ın indiki vəziyyəti onun niyyətini reallaşdırması üçün imkan yaradıb. Rusiya bu fürsəti əldən verməyəcək.

🇨🇳 Çin də bu hadisələr fonunda Rusiyaya dəstəyini artıq açıq şəkildə bildirir. Məqsədi budur ki, Rusiya atəşkəsə getməsin, çünki bu halda ABŞ bütün qüvvələrini Çin ətrafına toplayacaq. Çinə görə Ukraynada müharibə nə qədər uzanarsa, NATO-nun həm sursatı tükənəcək, həm də onun ətrafında qüvvə toplamaq imkanı olmayacaq. Ən vacibi – Çin vaxt udacaq. Vaxt isə Çinin xeyrinə, ABŞ-ın ziyanına işləyir.

Asif ŞƏFƏQQƏTOV

Bizimlə oxuyun
Verified by MonsterInsights