İsrail-İran müharibəsi fonunda bir vacib məsələ diqqətdən kənarda qalır.
Çin və İran arasında ilk müntəzəm yük qatarı hərəkətə başlayıb. Çinin Sian şəhərindən yola çıxan qatar 25 mayda Aprin şəhərinə – Tehran yaxınlığında yerləşən İranın ən böyük quru logistika mərkəzinə çatıb. Layihə Çinin “Bir qurşaq, bir yol” təşəbbüsünün bir hissəsi kimi həyata keçirilən Pekin və Tehran arasında 2021-ci ildə imzalanmış $400 milyardlıq strateji sazişin davamıdır. Marşrut Qazaxıstan və Türkmənistan ərazilərindən keçir və nəticədə Çin-Avropa nəqliyyat dəhlizinin bir hissəsinə çevriləcək.
Yeni dəmir yolu marşrutu dəniz yolu ilə çatdırılma müddətini 30-40 gündən quruda 15 günə qədər və daşıma xərclərini xeyli azaldır. Bununla İran Qlobal Şərqlə Avropanı, Rusiya ilə Qlobal Cənubu birləşdirən strateji logistika qovşağına çevrilir:
Şimal-Cənub dəhlizi vasitəsilə Rusiya və Xəzəryanı ölkələri Hindistan və ərəb ölkələri ilə birləşdirir;
qərb dəhlizi İraq, Suriya, Türkiyə və Aralıq dənizinə quru yolla çıxış açır;
şərq dəhlizi Çin təchizat zəncirlərini birbaşa çıxışı təmin edir.
Ekspertlər qeyd edirlər ki, Çin-İran dəhlizinin gələcək inkişafı yeni Avrasiya logistika halqasının (Çin, Pakistan, İran, Türkiyə, Rusiya, Çin) formalaşmasına gətirib çıxara bilər.
Ən maraqlı və vacib məqam: bütün bu ticarət marşrutları quru yollarıdır. . Yeni dəmir yolu marşrutu Çinə 2023-cü ilin noyabrından bəri ticarət gəmilərinə 200-ə yaxın hücumun qeydə alındığı Malakka boğazı və Qırmızı dəniz də daxil olmaqla ənənəvi dəniz marşrutlarına alternativ təqdim edir. Yəni Şərqdən Qərbə, Şimaldan Cənuba və əksinə axan ticarət yükləri anqlosaksların (ABŞ və Britaniyanın) bütün təsir zonaları, hərbi bazaları və sanksiya nəzarətindən yan keçəcək
Anqlosakslar 500 ilə yaxındır ki, beynəlxalq ticarət yollarına nəzarət edirlər. İndiyədək bütün bu yollar dənizlərdən keçirdi. Bundan sonra isə beynəlxalq ticarətdə dəniz daşımaları inhisarına son qoyulacaq. Bu yollar təkcə ticarət məsələsi deyil, onlar bütün Şərqin geosiyasətini, seoiqtisadiyyatını dəyişməlidir.
Dəniz daşımaları üzrə, demək olar ki, bütün beynəlxalq təşkilatlar kimə məxsusdur – əlbəttə, ənənəvi olaraq Britaniyaya. Deməli, İranın quru ticarəti habına çevrilməsindən ən çox ziyan çəkəcək ölkə də Britaniya olmalıdır.
Elə buna görə də düşünürəm ki, İsrailin hücumlarının arxasında Britaniya dayanır. İranda aparılan terrorlarla Rusiyada strateji aviasiyaya qarşı terrorların dəsti-xətti eyni idi. Britaniya gizli əməliyyatlarını həmişə başqalarının adı altında edir. Elə İsrail layihəsini də Britaniya ona görə təklif etmişdi ki, dünya ticarətinin əsas boğazı olan Süveyş kanalına yəhudilərin əli ilə nəzarət etsin. İsrail bir növ kanalın başında qoyulmuş qoçu idi.
Buna görə də təəccüblü deyil ki, İranın trans-Asiya logistikasına real inteqrasiyasının başlaması ilə eyni vaxtda onu sistemli şəkildə məhv etmək cəhdi də başlayır. Məsələ təkcə nüvə proqramı ilə bağlı deyil. Məsələ İranın yeni Avrasiya arxitekturası üçün logistik mərkəzə çevrilməsinin və kifayət qədər güc qazanmasının qarşısını almaqdır.
Asif ŞƏFƏQQƏTOV
