Yazının əvvəli bu linkdədir:- https://elaz.info/cin-anqlosakslardan-opium-muharibələrinin-qisasini-alir/
Ən əvvəl bilməliyik ki, Çin fentanil ixrac etmir. Çin fentanilin sintezində istifadə olunan prekursoru (hər hansı kimyəvi məhsulun sintezində istifadə olunan əsas ilkin maddə) ixrac edir. Bu prekursorun adı 4-piperidondur (və ya onun analoqu). 4-piperidon piperidin adlı kimyəvi maddədən sintez olunur. Piperidin qlobal kimya sənayesində ən geniş istifadə olunan çoxtəyinatlı maddələrdən biridir. 4-piperidon isə farm-sənayesində müxtəlif preparatların hazırlanmasında istifadə olunur.
Yəni piperidin və 4-piperidona dünyada böyük tələbat var. Çin olmasaydı, yenə onlar istehsal və ixrac ediləcəkdi. Çində 6 nəhəng kimya zavodu ildə tonlarla piperidin və 4-piperidon istehsal edir. Bu səbəbdən Çində həmin prekursorların istehsalı ən ucuz başa gəlir. Ucuz olmasına görə bütün ölkələr onları Çindən idxal edirlər. Başqa sözlə, Çinin “günahı” bundan ibarətdir ki, o bu prekursorların istehsalı üzrə daha səmərəli biznes qura bilib. Piperidinin istehsalı asandır, onu hətta qara istiotdan da sintez etmək mümkündür, sadəcə, Çindən ixrac etmək daha ucuz başa gəlir.
Fentanil üçün prekursorlar ABŞ-ın özü tərəfindən də Çindən idxal olunur. ABŞ iddia edir ki, fentanil narkotiki əsasən Meksikadan gətirilir. Məncə, əslində fentanil narkotiki elə ABŞ-da hazırlanır, Meksika bəhanədir. Əlbəttə, Meksikadan da fentanil gətirilir, amma Meksika narkokartelləri kokain sahəsində ixtisaslaşıblar. ABŞ-da kokain istehsalı ilə məşğul olmaq çətindir, çünki onun üçün böyük plantasiyalar olmalıdır, lakin sintetik narkotiklər adi qarajda da istehsal edilə bilər.
ABŞ Çindən tələb edir ki, prekursorların ixracına nəzarəti gücləndirsin. Maraqlı tələbdir. Əvvəllər prekursorlar cinayətkar şəbəkəyə düşməsin deyə ABŞ-da yerli polislər çinli mütəxəssislərlə əməkdaşlıq edirdilər. 2019-cu ildə – 1-ci prezidentliyi dövründə Tramp Çini casusluqda günahlandırıb, prekursorların yayılması üzrə Çinlə əməkdaşlığa son qoydu və çinli mütəxəssisləri ABŞ-dan qovdu.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi
