ELAZ.İNFO xəbər verir ki, Çin Dövlət Şurasının Tarif Komitəsi Vaşinqtonun Çin məhsullarına tətbiq etdiyi yüksək rüsumların beynəlxalq ticarət və iqtisadi qaydaların ciddi şəkildə pozulması olduğunu bildirib.
Amerika administrasiyasının proteksionist hərəkətlərinə cavab olaraq Çin aprelin 12-dən etibarən ABŞ mallarına tətbiq edilən tarifləri 84%-dən 125%-ə qaldırır. Bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının Tarif Komitəsi məlumat yayıb.
Yayılan bəyanatda qeyd edilir ki, Vaşinqtonun Çin məhsullarına son dərəcə yüksək tarifləri “beynəlxalq ticarət və iqtisadi qaydaların, əsas iqtisadi qanunların və sağlam düşüncənin ciddi şəkildə pozulması, tamamilə birtərəfli hədə-qorxu və məcburiyyət hərəkətidir”.
“Mövcud tariflər səviyyəsində bazarın artıq Çinə tədarük edilən Amerika mallarını qəbul edə bilmədiyini nəzərə alsaq, Çin tərəfi ABŞ-ın Çindən gələn məhsullar üçün rüsumların daha da artırılmasına əhəmiyyət verməyəcək”, -deyə bəyanatda vurğulanır.
Qeyd olunur ki, Pekin ABŞ-la ticarət-iqtisadi əlaqələrlə bağlı bütün digər məsələləri Dövlət Şurasının Tarif Komitəsinin qəbul etdiyi qərarlara uyğun olaraq həll etmək niyyətindədir.
ABŞ lideri Donald Tramp aprelin 2-də 185 ölkə və regiondan gələn mallara gömrük rüsumlarının tətbiq ediləcəyini elan edərək, genişmiqyaslı ticarət müharibəsinə start verib. Çinlə müqayisədə bu nisbət 34% təşkil edib. Buna cavab olaraq Çin aprelin 10-da bütün Amerika məhsullarına 34% əlavə rüsumlar tətbiq edib.
Günel GÜNTAC