“Çaylı – kökümüz, kimliyimiz” – yurdun tarixinə, yaddaşına və mənəvi irsinə həsr olunmuş tədbir


ELAZ.İNFO xəbər verir ki, 19 sentyabr 2026-cı il tarixində Qazax rayonunun qədim yaşayış məntəqələrindən biri olan Çaylı kəndinə həsr olunmuş “Çaylı – kökümüz, kimliyimiz” adlı tədbir keçirilib.
Tədbirin əsas məqsədi Çaylının zəngin tarixi keçmişini, nəsil yaddaşını, folklor mühitini, saz-söz ənənəsini, milli-mədəni irsini və bu yurdun yetişdirdiyi görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini geniş auditoriyaya təqdim etmək, doğma yurda bağlılıq və milli yaddaş duyğularını yaşatmaq olub.
Tədbirdə qeyd olunub ki, Çaylı yalnız Qazaxın böyük yaşayış məntəqələrindən biri deyil, həm də zəngin tarixi, folkloru, adət-ənənələri, toponimləri və söz xəzinəsi ilə seçilən qədim el-oba məkanlarından biridir. Kəndin tarixi və mənəvi irsi bütövlükdə Qazaxın etno-mədəni salnaməsinin mühüm tərkib hissəsini təşkil edir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarını salamlayan el ağsaqqalları Yasin Əkbərov, Çingiz Qocayev və Cəmaləddin Kosayev kənd camaatını xoş sözlərlə salamlayaraq tədbir iştirakçılarına “xoş gəlmisiniz” deyiblər. Onlar tədbirin əhəmiyyətindən və kənd sakinlərini bir araya gətirən bu cür görüşlərin önəmindən danışaraq tədbiri açıq elan ediblər.
Daha sonra Çaylının tarixini, insanlarını və mənəvi dünyasını əks etdirən “Çaylı – kökümüz, kimliyimiz” adlı sənədli film nümayiş etdirilib. Film kəndin keçmişinə, onun yetişdirdiyi insanlara və milli-mənəvi dəyərlərinə işıq salmaqla yanaşı, Çaylı yaddaşının gələcək nəsillərə ötürülməsi baxımından da əhəmiyyətli təqdimat kimi diqqət çəkib.
Tədbirdə Çaylı kəndinin şəhid ailələri də iştirak ediblər. Çıxışlarda qeyd olunub ki, I Qarabağ müharibəsi illərində Çaylı kəndindən olan igid oğullar Azərbaycanın müxtəlif istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib, onların bir çoxu şəhid olub. Şəhidlərin həyat yolu, göstərdikləri qəhrəmanlıq və Vətən uğrunda verdikləri can Çaylının müasir tarixinin ayrılmaz tərkib hissəsidir.
Tədbirdə qeyd olunub ki, Birinci Qarabağ müharibəsi illərində sərhəd kəndlərinin müdafiəsi məqsədilə Çaylıda könüllü özünümüdafiə dəstəsi yaradılıb. Bağanıs Ayrım hadisəsindən sonra bu təşəbbüs daha da güclənib, kapitan Konfrans Bənnayevin rəhbərliyi ilə piyada bölüyü formalaşdırılıb. Bölük sonralar 1 saylı Qazax batalyonunun tərkibində Coğaz istiqamətində, Qızılhacılı, Dəmirçilər, Əskipara və Abbasbəyli yolunun müdafiəsində iştirak edib.
Qızılhacılı kəndinin müdafiəsi zamanı bir sıra Çaylı sakinləri, o cümlədən Məmmədhəsən Hacıyev, Şaiq Ocaqverdiyev, Cəbrayıl və İsmayıl Namazov qardaşları, Ulfət Rzayev və Vəzir Ocaqverdiyev fərqlənib, milis serjantı Şakir Fətəliyev isə yaralanıb. Çaylı özünümüdafiə dəstəsinin fəaliyyəti kənd sakinlərinin həmrəyliyinin və vətənpərvərlik ruhunun mühüm göstəricisi kimi tarixə düşüb.
Çaylının şəhidlik tarixində xüsusi yeri olan hadisələrdən biri 1990-cı il martın 24-dən 25-nə keçən gecə baş verib. Həmin gecə ermənilər tərəfindən Bağanıs Ayrım kəndinə hücum edilərək yaşayış məntəqəsi yandırılarkən Çaylı və Bala Çaylı kəndləri ilk şəhidlərini verib. Kamran Əziz oğlu Əmrahov, Bəxtiyar Əziz oğlu Əmrahov və Xəqani Şəmsəddin oğlu Sanıyev Bağanıs Ayrım kəndinə kömək göstərmək məqsədilə yola çıxarkən həmin gecə şəhid olublar.
Tədbirdə 44 günlük Vətən müharibəsinin şəhidi Murad Nağıyevin anası Xavər xanım Nağıyeva, I Qarabağ müharibəsi şəhidi Kamran Əmrahovun ailə üzvləri – Əmrahova Akifə və oğlu, şəhid İqbal Axundovun həyat yoldaşı Səhər Axundova, eləcə də şəhid Xəqani Sanıyevin bacısı Aynur Sanıyeva Çaylı kəndinin şəhid ailələri adından çıxış ediblər.
Çaylının Vətən qarşısında xidmətləri də tədbirin əsas mövzularından biri olub. Çıxışlar zamanı kəndin Vətənə xidmət edən igid oğullarının həyat yolu və qəhrəmanlığı xüsusi vurğulanıb. Tədbirdə Çaylının Vətənə bağlılıq ənənəsi də xüsusi diqqət mərkəzində olub. “Vətən Müharibəsi Qəhrəmanı” Nicat Mehman oğlu Bədəlovun çıxışı iştirakçılar tərəfindən böyük maraq və qürur hissi ilə qarşılanıb. Polkovnik Elşən Qapaqovun, polkovnik Taleh Məşədiyevin, eləcə də digər iştirakçıların çıxışları yüksək alqışlarla qarşılanıb.
Proqramda Çaylıdan olan ziyalıların, elm və təhsil nümayəndələrinin də çıxışları təqdim olunub. Tədbirdə kəndin ən böyük sərvətinin onun yetişdirdiyi insanlar olduğu vurğulanaraq, Çaylının elmə, təhsilə və ziyalılıq ənənəsinə verdiyi töhfələrdən bəhs edilib. Prezident təqaüdçüsü Mansur Həsənzadənin çıxışı da tədbirin bu hissəsində yer alıb.
Tədbirin bədii hissəsində Çaylının yetişdirdiyi sənətkarların yaradıcılığına geniş yer verilib. Əməkdar mədəniyyət işçisi Solmaz Kosayev, Aşıq Yaşar Gülümcanov və müğənni Mustafa Hüseynov çıxış ediblər. Kəndin müğənnisi Mustafa Hüseynovun “Çaylıyam” mahnısı ilk dəfə səsləndirilib. Mahnı ziyalılar tərəfindən yüksək qiymətləndirilib.
Tədbirin bağlanışında vurğulanıb ki, bu görüş yalnız bir kəndin bayramı deyil, kökün, yaddaşın və mənəvi birliyin bayramıdır. Çaylının tarixi, onun yetişdirdiyi ziyalılar, sənətkarlar, hərbçilər və el adamları bütöv bir milli yaddaş xəttinin müxtəlif istiqamətlərini təşkil edir.
Tədbir iştirakçıları təşkilatçılara – filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbovaya, “Carçı Express” jurnalının baş redaktoru Sərxan Carçıya, Ramil Bənnayevə və Fuad Əkbərova görüşün təşkilinə görə təşəkkürlərini bildiriblər.
“Çaylı – kökümüz, kimliyimiz” tədbiri bir daha göstərib ki, tarixi yaddaşın qorunması yalnız keçmişə qayıdış deyil, həm də gələcəyə istiqamət verən mənəvi məsuliyyətdir. Öz kökünü, sözünü, sazını, sənətini və insanlarını yaşadan yurd öz kimliyini də qoruyub saxlayır.
Çaylının tarixini, folklorunu, sənət ənənələrini və yetişdirdiyi şəxsiyyətləri bir araya gətirən bu tədbir el yaddaşının canlı şəkildə yaşadılması, nəsillər arasında mənəvi bağların möhkəmləndirilməsi və doğma yurda bağlılıq duyğusunun yeni nəslə ötürülməsi baxımından əlamətdar mədəni hadisə kimi yadda qalıb.
Tədbir Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi Səməd Vurğunun “Azərbaycan” şeirindən parçanın səsləndirilməsi və ustadların yadigarı olan “Paşa köçdü” aşıq havası ilə yekunlaşıb.
Natəvan Bəydili





































