Cəzaçəkmə müəssisələrinin əsas məqsədi cəmiyyətə adaptasiyasını təmin etməkdir

Penitensiar xidmətin strukturunda istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri cəmiyyətin təhlükəsizliyi, məhkumların islahı, hüquq və qaydanın təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir. Bu müəssisələrdə xidmət edən müxtəlif ixtisaslı kadrlar arasında, xüsusilə tərbiyə işləri üzrə rəis müavini ilə əməliyyat-rejim işləri üzrə rəis müavini mühüm funksional vəzifələr yerinə yetirirlər. Onların hər biri konkret istiqamət üzrə məsuliyyət daşıyır və fəaliyyətləri bir-birini tamamlayır. Hər iki vəzifə Azərbaycan Respublikası qanunvericiliyinə və Ədliyyə Nazirliyinin normativ hüquqi aktlarına əsasən həyata keçirilir.

Əməliyyat-rejim işləri üzrə rəis müavininin əsas vəzifə borcları məhkumların və həbs edilmiş şəxslərin təhlükəsizliyini təmin etmək, rejim qaydalarının tətbiqinə nəzarət etmək, əməliyyat şəraitini daim öyrənmək və mümkün risklərin qarşısını almaqdır. Onun fəaliyyəti əsasən əməliyyat-axtarış tədbirləri, qanunsuz əşyaların aşkar edilməsi, müəssisədaxili qayda və nizamın qorunması, rejim tələblərinə əməl olunmasının təmin edilməsi kimi sahələri əhatə edir. Azərbaycan Respublikası “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna, Penitensiar Xidmətin Daxili İntizam Qaydalarına və digər normativ sənədlərə əsasən, bu vəzifə sahibinin hüquqi səlahiyyətləri genişdir. Əməliyyat şöbə və bölmələri, o cümlədən əməliyyat müvəkkilləri vasitəsilə məhkumların davranışlarının proqnozlaşdırılması, mümkün təxribatların, kütləvi itaətsizliklərin və ya qaçış cəhdlərinin qarşısının alınması da onun nəzarət dairəsinə daxildir.

Tərbiyə işləri üzrə rəis müavini isə əsasən məhkumların islahı, sosial adaptasiyası, psixoloji dəstək, əxlaqi-mənəvi tərbiyə, maarifləndirmə tədbirləri, vətəndaşlıq hissinin gücləndirilməsi, daxili intizamın formalaşdırılması istiqamətində fəaliyyət göstərir. Bu vəzifə sahibinin işi daha çox humanist dəyərlərə əsaslanır. Onun rəhbərliyi altında maarifləndirici görüşlər, hüquqi savadlandırma tədbirləri, dini və mədəni tədbirlər təşkil olunur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin eləcə də “İnsan hüquq və azadlıqlarının təminatı haqqında” beynəlxalq konvensiyalara əsaslanaraq, tərbiyə işləri üzrə rəis müavini məhkumların hüquqi və mənəvi inkişafına yönəlmiş tədbirləri icra edir. Bu vəzifənin əsas hədəfi məhkumun cəmiyyətdə normal vətəndaş kimi yenidən formalaşmasına töhfə verməkdir.

Hər iki müavinliyin fəaliyyəti eyni müəssisə daxilində olsa da, onların iş mexanizmi, prioritetləri və yanaşma üsulları arasında əsaslı fərqlər mövcuddur. Əməliyyat-rejim işləri üzrə müavin təhlükəsizliyi və nizam-intizamı təmin etməyə yönəlmiş sərt nəzarət vasitələrindən istifadə edirsə, tərbiyə işləri üzrə müavin daha çox inandırma, maarifləndirmə və psixoloji təsir üsullarını tətbiq edir. Əgər biri riskin qarşısını almaqla qabaqlayıcı tədbirlər görürsə, digəri riskin yaranma səbəblərini aradan qaldırmağa çalışır. Bununla belə, bu vəzifələr bir-birindən təcrid olunmadan, qarşılıqlı əlaqə və əməkdaşlıq şəraitində fəaliyyət göstərməlidir. Məhkumun həm davranışında stabillik, həm də psixoloji baxımdan dəyişiklik yalnız bu iki istiqamətin düzgün koordinasiyası ilə əldə edilə bilər. Tərbiyə və əməliyyat-rejim sahələrinin effektiv inteqrasiyası penitensiar müəssisədə hüquqi və ictimai sabitliyin əsas təməlidir.

Ən nəhayətində, cəzaçəkmə müəssisələrinin əsas məqsədi təkcə cəzanın çəkdirilməsi deyil, eyni zamanda məhkumun islah olunaraq cəmiyyətə adaptasiyasını təmin etməkdir. Bu məqsədə çatmaqda əməliyyat və tərbiyə strukturlarının birgə, lakin fərqli metodlarla fəaliyyəti ayrılmaz və qarşılıqlı asılı olan funksional mexanizmdir. Bu isə hüquqi islahatların davamlılığını, insan hüquqlarına hörmətin təminini və dövlətin penitensiar siyasətinin daha da təkmilləşdirilməsini şərtləndirir.

Əli İBRAHİMOV

Hüquqşünas, vəkil

Bizimlə oxuyun
Verified by MonsterInsights