ElAZ.İNFO xəbər verir ki, 6 fevral 2026-cı il tarixində Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Xabarovsk diyarında Ukrayna xüsusi xidmət orqanlarının xeyrinə casusluq etməkdə şübhəli bilinən 48 yaşlı Rusiya vətəndaşını saxlayıb. Bu barədə məlumat FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi tərəfindən yayılıb.
İlkin araşdırmalara görə, Bikin şəhər sakini olan 1977-ci il təvəllüdlü şəxs “Telegram” messenceri vasitəsilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin maraqları naminə fəaliyyət göstərən qadağan olunmuş hərbiləşdirilmiş birləşmənin nümayəndəsi ilə əlaqə yaradıb. Şübhəli şəxs xüsusi hərbi əməliyyatda iştirak edən hərbçilər barədə məlumat toplamaq, həmçinin Xabarovsk diyarındakı hərbi hissələrin yerləşməsi və mühafizə sistemləri haqqında məxfi məlumatları qarşı tərəfə ötürməkdə ittiham olunur.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi (dövlətə xəyanət) ilə cinayət işi açılıb. Bu maddə üzrə ən ağır cəza olaraq ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulur. Hazırda saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib və istintaq davam edir.
Rusiya tərəfi xəbərdarlıq edib ki, xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq edən və dövlət təhlükəsizliyinə zərər vuran bütün şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar.
Ruslan MƏMMƏDOV