ELAZ.İNFO, BAKI, 14.05.2025.
ELAZ.İNFO xəbər verir ki, Rusiya və Finlandiya alimlərinin apardığı birgə araşdırma Yer kürəsinin yaxın onilliklərdə əhəmiyyətli dərəcədə soyuyacağını və bu prosesin yeni kiçik buz dövrünə səbəb ola biləcəyini göstərir.
“Geosciences” elmi jurnalının yaydığı məqalədə deyilir ki, “araşdırma Rusiya Elmlər Akademiyasının Kola Elmi Mərkəzi və Finlandiyanın Təbii Sərvətlər İnstitutunun alimləri tərəfindən aparılıb. Onlar son 7 600 ilə aid ağac halqalarının xronologiyasını təhlil edərək süni intellektin köməyi ilə Yer kürəsində növbəti ciddi soyuma dövrünün 2063-2073-cü illər arasında baş verə biləcəyini ehtimal ediblər”.
Alimlər onu da bildirirlər ki, “bu cür iqlim dəyişiklikləri əsasən günəş aktivliyinin azalması və böyük vulkan püskürmələri ilə əlaqələndirilir. Günəşin zəifləyən aktivliyi hazırda müşahidə edilən qlobal istiləşməni bir müddət ləngidə bilər, lakin uzunmüddətli perspektivdə bu, bəşəriyyət üçün ciddi fəsadlara yol aça bilər”.
Tədqiqatın nəticələrinə görə, belə iqlim dəyişiklikləri 300-400 ildən bir təkrarlanır.
Günel GÜNTAC