(Əvvəli bu linkdə- https://elaz.info/bu-avropani-qisa-muddətə-cokdurər/)
2024-cü ilin əvvəlindən Avropa liderləri dəfələrlə Rusiya əmanətinin mənimsənilməsinin hüquqi yolunu tapmaq üçün toplaşıb müzakirələr aparıblar, lakin heç bir yol tapmayıblar. Nəhayət, bu ilin əvvəlindən Rusiyanın həbs olunmuş əmanətindən gələn faiz məbləğlərini xərcləməyə başladılar. Düzdür, faiz məbləğləri də hüquqi olaraq Rusiyaya məxsusdur və onları mənimsəməyin hüquqi adı oğurluqdur, amma Avropa əmanətin mayasına toxunmamaqla guya “əmanətə xəyanət etmədiyini” nümayiş etdirirdi.
Lakin həm ABŞ-ın “investorlar klubu”dan çıxması, həm Ukraynanın daxili gəlirlərinin azalması, həm də sursatların 3 il əvvələ nəzərən 2-5 dəfə bahalaşması Avropanın xərclərini daha da artırıb. Yalnız faiz məbləğləri kifayət etmir. Əmanətin özü – $300 milyard mənimsənilməlidir!
Sentyabrda Ursula xanım bir afera təklif etdi: biz əmanəti mənimsəmirik, bir növ onu girov qoyub, banklardan kredit götürürük. Müharibənin sonunda isə Rusiya krediti bağlayacaq – həmin məbləği reparasiya kimi banklara qaytaracaq. Çox absurd bir təklifdir. Lakin Avropa ölkələrinin pulu qalmadığı və mənimsəmənin hüquqi yolunu tapa bilmədikləri üçün çoxu onunla razılaşdı.
Əsl şou, dava-qərğın bundan sonra başladı. Pullar necə xərclənməlidir? Əslində, bu “Pullar kimə çatmalıdır?” sualının pərdəsi idi. Bildiyiniz kimi, Avropanın bəzi, əsasən, şimal ölkələri yayda öz vəsaitləri hesabına PURL adlı fond yaradıblar. Bu fondun hesabına Ukrayna üçün ABŞ-dan silah-sursat alınır. Bir qrup, xüsusən ABŞ-a bağlı dövlətlər Rusiya əmanətinin bu fonda keçirilməsini təklif edirlər. Suverenistlər Avropanın maliyyə vəsaitlərinin ABŞ iqtisadiyyatının inkişafına xərclənməsinin əleyhinə çıxırlar. Özünün yaxşı hərbi sənayesi olan Fransa, Almaniya, Britaniya, Çexiya kimi dövlətlər isə pulların Avropa sənayesinə xərclənməsini istəyirlər. Onda da narazılıq yaranır ki, bu halda Rusiya əmanəti faktiki olaraq bir neçə ölkə arasında arasında bölünəcək, başqa dövlətlərə ya heç nə çatmayacaq, ya da qəpik-quruş çatacaq. Nə isə, aləm dəyib bir-birinə, ağız deyəni qulaq eşitmir…
Bu tərəfdən də Zelenski çıxıb ortalığa deyir ki, siz niyə mənim pullarım üstündə dava edirsiniz? Onları Ukrayna üçün xərcləmək istəmirsiniz? Hamısını verin mənə, mən özüm bilərəm nəyə necə xərcləyərəm. Lazım olan hər şeyi sizdən ucuz alaram. Sizdən də əlavə pul istəmərəm…
Bunlar burda “razborka”da olsun, sizə Belçikadan danışım. Rusiya pullarının ~70%-i Belçikadadır axı – Euroclear bankında. Euroclear bu əmanətdən yaxşı pul qazanır. Əmanəti pay-puş eləməyin ona nə xeyri? Xeyri bir yana, prosesin bütün hüquqi məsuliyyəti də onun üstündə qalacaq. Buna görə də Belçika iki ayağını bir başmağa dirəyib deyir ki, əmanəti vermirəm. Mənə hüquqi sənəd verin, məsuliyyəti mənimlə bölüşün, ondan sonra bəlkə “hə” dedim.
Təsəvvür edin: bütün Avropa yaxşı bir quzu kababını yeməyə hazırlaşıb, hamı stol arxasına oturub, çəngəl-bıçağı götürüb, mədələr havayı yağlı quzu kababının intizarı ilə şirə buraxır… birdən Belçika gəlib deyir ki, mən quzunu kəsmək istəmirəm.
Nə isə… qonaqları stol arxasında ac qoyub yazımı bitirirəm. Belçikanın özünü kəsməsələr yaxşıdır.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi