Burada Sahiblər Ayılardır

ELAZ.İNFO xəbər verir ki, dünyanın ən sərt iqliminə malik Çukotka yarımadasında yerləşən Rırkaypiy kəndi (tərcümədə “çıxan morj” deməkdir) bu günlərdə yenidən dünya mətbuatının diqqət mərkəzindədir. Burada məktəb, xəstəxana və mağazalar fəaliyyət göstərsə də, kəndin gündəlik həyatı bir elanla hər an dəyişə bilər: “Ehtiyatlı olun! Kənddə ağ ayı görülüb!”

Artıq uzun illərdir ki, Rırkaypiydə “Ayı patrulu” fəaliyyət göstərir. Bu layihə Rusiya Federasiyası tərəfindən dəstəklənir və məqsədi “Qırmızı Kitab”a düşmüş bu nadir yırtıcılarla insanların toqquşmasının qarşısını almaqdır. 2019-cu ildə Rırkaypiy kəndi təxminən bir ay boyunca ağ ayıların mühasirəsində qalıb. Onlarla yırtıcı buzun olmaması səbəbindən dənizə gedə bilməyərək kəndin ətrafına toplaşıb. Kənddə uşaqlara hələ bələkdən ayı ilə qarşılaşdıqda nə etmək lazım olduğu öyrədilir. Ən sadə və təsirli vasitə isə adi fitdir. Kəskin və yüksək səs heyvanları qorxudaraq uzaqlaşdırır.

Rırkaypiy və ətraf qəsəbələr ağ ayıların tarixi miqrasiya yolunun üzərində yerləşir. İqlim dəyişikliyi və buzlaqların əriməsi ayıları qida axtarışı üçün yaşayış məntəqələrinə daha çox yaxınlaşmağa məcbur edir. Kənd sakini və təcrübəli ovçu Valeri Kalyaraxt hər səhər kənd yuxudan oyanmamış skuterlə ərazini gəzir ki, uşaqlar məktəbə, böyüklər isə işə təhlükəsiz gedə bilsinlər. Valeri qeyd edir ki, vaxtilə Vranqel adası (“Ağ ayıların beşiyi”) bu heyvanlar üçün sığınacaq idi, indi isə onlar hər tinin başında qarşınıza çıxa bilər.

“Biz sakinlərdən xahiş edirik: uşaqlarınıza fit alın. İnsan varlığından çaşbaş qalan yırtıcılar qəfil və iti səsdən çox qorxurlar. Məqsədimiz hər iki tərəfin – həm insanın, həm də bu nadir heyvanın sağ qalmasıdır.”

Rırkaypiydəki bu vəziyyət iqlim dəyişikliyinin və insan-təbiət münasibətlərinin ən bariz nümunəsidir. Arktikanın əsl sahibləri ilə qonaqları arasındakı bu incə sərhədi qorumaq yerli sakinlər üçün artıq bir həyat tərzinə çevrilib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights