Yüz ilə yaxın bir müddətdə ermənilər tərəfindən aramsız olaraq təbliğ edilən və Qərb ölkələri tərəfindən gizli dəstəklənən “erməni soyqırımı” ifadəsi nədir? “Erməni soyqırımı” ifadəsi, əslində bizim atalar sözü ilə çox gözəl ifadə olunur: “Adımı sənə qoyum, səni yana-yana qoyum!”. “Erməni soyqırımı” ifadəsi beynəlxalq ictimaiyyəti aldatmaq üçün ermənilərin istifadə etdiyi “lax yumurta”dır. Əslində, mayası olmayan lax yumurta cücə verə bilmədiyi kimi, ermənilərin istifadə etdiyi “erməni soyqırımı” ifadəsi də, mayası olmayan, kökü və əsası olmayan, heç bir həqiqətə əsaslanmayan yalan və böhtan kompaniyasının ortaya atdığı, yalnız pis qoxu vermək qabiliyyəti olan qərəzçilik məhsuludur. Tarixi həqiqətləri bilən düşüncə sahibləri ermənilərin Vanda, İrəvanda, Ərzurumda, Zəngəzurda, Qarabağda, Bakıda, Şamaxıda, Qubada və digər türk torpaqlarında həyata keçirdikləri kütləvi qırğınları, törətdikləri vəhşilikləri nə məqsədlə icra etdiklərini yaxşı bilirlər. “Erməni soyqırımı” ifadəsi Türkiyə ərazisində “Böyük Ermənistan” qurmaq xülyasına düşən və buna nail ola bilməyən ermənilərin Osmanlı dövlətinə qarşı irəli sürdükləri qərəzkarlığın ifadəsidir. Bu ifadə, türklərə qarşı törətdikləri cinayətləri, satqınlıq və xəyanətləri gizlətmək üçün, “ən yaxşı müdafiə hücumdur”- taktikası ilə öz törətdiklərini türklərin üzərinə atmaqla özlərini tarixin ədalət məhkəməsindən yayındırmaq və bu məqsədlə dünya xalqlarını aldatmaq üçün düşünülmüş erməni böhtanının adıdır.
Osmanlı imperiyasının tolerantlığı dünya xalqlarına yaxşı məlumdur. Avropada təqib edilən yəhudilərə sığınacaq verən, ermənillərə xüsusi imtiyazlar verən və qayğı göstərən, onların nümayəndələrini paşa rütbəsinə qədər yüksəldən, heç bir dini ayrıseçkilik siyasəti yeritməyən, əksinə ədalətin bərpası üçün öz millətini- türkləri daha çox cəzalandıran Osmanlı imperiyası deyildimi?! Bəs onda, nə üçün doğulduğu vətəninə – Osmanlı Türkiyəsinə qarşı silah qaldıran, xəyanət edən, onu parçalamaq yolu ilə özünə dövlət qurmaq üçün türk-müsəlman əhalisini kütləvi qırmaqla məşğul olan erməni satqınlığına və erməni cinayətkarlığına “erməni soyqırımı” adı qoyulur? Nə üçün I Dünya Müharibəsinə təhrik edilmiş Osmanlı dövlətinin daxilində vətəndaş müharibəsi aparan, quldurluq və qarətçiliklə məşğul olan, acından və soyuqdan ölən ermənilər “erməni soyqırı”mının qurbanları kimi qələmə verilirlər? Məgər o dövrdə Osmanlı Türkiyəsində, Cənubi Qafqazda Rusiya, İngiltərə, Fransa dövlətlərinin silahlandırdıqları ermənilər tərəfindən kütləvi qırılanlar – həqiqi soyqırımına məruz qalanlar, türklər deyildimi?
Çox təəssüflər olsun ki, bu tarixi həqiqətləri görmək istəməyən qüvvələr olmuşdur və indi də vardır. “Böyük Ermənistan” xülyasını ermənilərin beyinlərinə yeridən və sonradan onları silahlandırıb türklərə qarşı amansız qırğınlara sövq edən bu qüvvələrin bugünki varisləri “erməni soyqırımı” ifadəsi altında öz cinayətlərini gizlətmirlərmi?
Budurmu, Qərb demokratiyasının mayası?! Budurmu, Qərb mədəniyyətinin bünövrəsi?! Budurmu, Qərb sivilizasiyasının möhtəşəm divarları?!
Ağasəf İMRAN
İqtisadçı alim