Bir zamanlar Çində bir adam acından ölmək üzərə olduğu üçün bir bağdan icazəsiz armud dərir. Adamı oğurluq etdiyi üçün tutub imperatorun hüzuruna aparırlar. Adam imperatoru görəndə deyir:
-“Əziz hökmdarım çox ac olduğum üçün dözə bilmədim və oğurluq etmək məcburiyyətində qaldım. Məni bağışlamanızı rica edirəm. Əgər məni bağışlasanız sizə çox qiymətli bir hədiyə verərəm”.
İmperator onu gözucu süzüb deyir:
-“Sənin kimi birində qiymətli hədiyə nə ola bilərki?”
Adam əlinin içindəki armudun çəyirdəyini hökmdara uzadır və deyir “Bu toxumu əksəniz bir gün ərzində qızıl meyvələr verən ağacın yetişdiyini görəcəksiniz”.
İmperator qəhqəhə çəkərək, o zaman toxumu sən ək, qızıl meyvələri görsəm səni bağışlayaram.
Oğru:
-“Əziz hökmdarım mən oğurluq etdiyim üçün bu toxumu əkə bilmərəm. Bu toxumu ancaq ömründə heç bir vaxt oğurluq etməyən, başqalarının haqqına girməyən, yalan söz söyləməyən biri əkə bilər. Toxumu belə biri əkərsə qızıldan meyvələr yetişər. Əks halda onu əkəni zəhərləyib öldürər. Ona görə hökmdarım bu toxumu ancaq siz əkə bilərsiz.
İmperator diksinib, üzünü turşudub, qəzəbli bir şəkildə mən imperatoram, bağban deyiləm. Vəzirə ver, qoy o əksin biz də meyvələri görək”.
Adam toxumu vəzirə uzadarkən vəzir dedi ki, “mən çox bacarıqsızam siz ən yaxşısı onu xəzinədara verin”. Xəzinədar da bir bəhanə irəli sürüb toxum əkmə işini başqa birisinin etməsini söylədi. Beləliklə orda olanların hər biri bir bəhanə gətirərək toxumu əkməkdən boyun qaçırdılar.
İmperator vəzirə, xəzinədara və digərlərinin üzünə baxaraq;- “gəlin bu adama toxumun necə qızıl meyvə verdiyini göstərək” deyib, cibindən bir qızıl sikkə çıxardıb adamın üstünə atdı. Sonra hər kəsin adama qızıl verməsini izlədi və gülərək dedi “İndi dur get bugünlük bu dərs hamımıza kifayət etdi”.
Ortalığın qarışdığı bu günlərdə bu toxumu əkə biləcək təmiz kimsə varmı?
Səfər İBRAHİMLİ