Bu siyasət həmin ölkənin uzun illər bərpa edə bilməyəcəyi məğlubiyyətdir

İnternet resurslarında yayılmış bir xəbər diqqətimi cəlb etdi. Bu vaxta qədər Rusiya Ukrayna ilə müharibədə 1 153 180 hərbçi itirib. Hələ hərbi texnikalara, silahlara toxunmuruq. Yalnız canlı insan itkisi 1 milyondan artıqdır. Hətta Donestk vilayətinin Pakrovski şəhərində medianın yazdığına görə, rusların itkiləri 100 mindən çoxdur.

Görünən odur ki, bu ölkə son gücünü itirənə qədər müharibəni davam etdirmək istəyir. Ukraynanın 20 faizinin işğalı nəticəsində xeyli sayda şəhərlər, qəsəbələr yer üzündən silinib. Rusiya silahlı qüvvələri Ukraynanın yaşayış məntəqələrini, xəstəxanaları, uşaq baxçalarını amansızcasına bombalayaraq öz qardaş xalqını, ukraynalıları evlərindən didərgin salıb, sakit həyatlarına son qoyub. İnsanlıq əleyhinə törədilmiş belə cinayətlərinin cəzasız qalacağı mümkünsüzdür. Müşahidilərimiz təsdiqləyir ki, dinc insanlara qarşı törədilmiş qətllər cəzasız qalmır.

Rusiyanın işğalçılıq siyasəti gec-tez özünün fəlakətinə çevriləcək. Əsgərləri ət maşınından keçirməklə davamlı qalibiyyət qazanmaq çətin məsələdir. Ukrayna bataqlığından bu ölkənin çıxacağı da inandırıcı deyil. Amma o inandırıcıdır ki, dünyanın siyasi xəritəsinin dəyişməsi, ən yaxşı halda Rusiyanın tamamilə taqətdən düşmüş vəziyyətdə qalması mümkün variantlardan biri ola bilər. Görün, dağıdıcı imperiya iddiaları Rusiyanı hansı vəziyyətə gətirib?

Şimal qonşumuzun daha bir fəlakəti ondan ibarət oldu ki, iki slavyan xalq arasında əbədi düşmənçiliyə zəmin yaradıb. Müharibə gec-tez bitəcək. Xalqlar arasında düşmənçilik, kin isə uzun illər davam edəcək. İki qardaş xalq arasında əbədi düşmənçilik Rusiyanın uzun illər bərpa edə bilməyəcəyi məğlubiyyətdir.

Əkrəm BƏYDƏMİRLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights