Bu nadanlığın zirvəsi, özünü bilməzliyin dərinliyidir

Bəziləri var ki, xoşbəxtliyi başqasının göz yaşında, rahatlığı bir yetimin ahında, vəzifəsini isə başqalarının susdurulmuş səsinə borcludur. Onlar haram pulun, kreslo gücünün və saxta hörmətin arxasında gizlənərək özlərini toxunulmaz, hətta bəzən Allahdan da üstün sayırlar. Əslində isə bu, nadanlığın zirvəsi, özünü bilməzliyin dərinliyidir.

Ey vəzifəsinə arxalanan, bir gün o kreslo sənin tabutunun başında sənə dua oxumayacaq. Ey haramla varlanan, o pul sənin vicdanının əvəzinə danışmayacaq. Çünki sən təkcə insanların haqqını tapdalamadın, sən duaları göz yaşına, ümidləri isə qara zəhmətə dəyişdin. Ədaləti rüşvətlə, vicdanı isə qorxaqlıqla əvəzlədin. Sənin üçün həyat rəqəmlərlə ölçülən maaş, protokolda ilk sırada dayanmaq və yaltaqların saxta alqışıdır. Amma bilmədin ki, sənin yüksəlişin bizim ahlarımız üzərində quruldu. Və bir gün o ah səni kül kimi sovuracaq. Çünki bu dünyada hər şeyin bir qarşılığı var, xüsusilə də haqsızlığın! Səni Allah bağışlasa belə, mən bağışlamaram! Çünki mən sənin zülm etdiklərinin içindəyəm. Mən sənin səbəb olduğun göz yaşını silən, gecələr dua edib “ilahi ədalət” deyə inləyənəm. Və mənim bağışlamadığım bir zülmkarı nə kreslo, nə pul, nə də saxta hörmət xilas edə bilməz!

Unutma:

-İnsanların ahı ilə ucalan heç bir taxt, ömürlük qala bilməz. Gec və ya tez, yıxılacaq…

Və altında qalan sənin vicdanın olacaq – əgər hələ bir zərrəsi qalıbsa.

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights