Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev bu gün XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində çıxış edərkən bir sıra maraqlı məqamlara da toxunub.
O deyib ki, “Azərbaycanda 3000 yazıçı var. Biz inanırıq ki, növbəti mərhələdə bu müəllflər yazdıqlarına görə qonorar alacaqlar”.
Lakin bu növbəti mərhələ nə vaxt yetişəcək, nə vaxt gələcək, hörmətli Çingiz müəllim bu barədə heçnə deməyib.
Yazıçı, həmçinin kitab sənayesinin problemlərinə də toxunub və bildirib ki, “bu gün bizim yazıçılarımız, çox təəssüf ki, öz pulları ilə kitab çap edirlər. Dünyada belə şey yoxdur. Amma zaman gələcək ki, belə olmayacaq, biz dünya standartları ilə uyğunlşacağıq”.
Bəli, dünyada həqiqətən də belə şey yoxdur. Bütün dünyada yazıçılar öz kitablarının çapından pul qazandıqları halda, bizdə isə, əksinə, yazıçılar öz kitablarını özləri çap etdirirlər…
Ancaq Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyi 34 illik müstəqillik dönəmində kitabçılıq işində ən azından Türkiyə təcrübəsinin tətbiqi üçün səy göstərsəydilər, indi “zaman gələcək ki, belə olmayacaq, biz dünya standartları ilə uyğunlaşacağıq” deməyə də yəqin ki, heç bir ehtiyac qalmazdı.
Bəybala MİRZƏYEV
Siyasi şərhçi