Bu kabinetin də ömrü uzun olmayacaq

6 oktyabrda Fransanın növbəti baş naziri ölkə parlamentində ona etimadsızlıq göstərildiyinə görə istefa verdi. O, Fransanın ən qısa müddətli baş naziri kimi tarixə düşdü – cəmi 27 gün.

Emanuel Makron 2017-ci ilin 14 may tarixindən Fransanın prezidentidir. Onun dövründə Fransada iqtisadiyyat getdikcə pisləşir deyə baş nazirlərin dəyişdirilmə sürəti artır. Makronun prezidentlik dövründə baş nazirlərin siyahısına baxaq:

-Eduar Filip (15 may 2017 – 2 iyul 2020) – 1141 gün,

– Jan Kasteks (3 iyul 2020 – 15 may 2022) – 655 gün,

– Elizabet Born (16 may 2022 – 8 yanvar 2024) – 601 gün,

– Qabriel Attal (9 yanvar – 4 sentyabr 2024) – 239 gün (əslində Attal 8 iyulda istefa ərizəsi vermişdi, lakin Makron qəbul etməmişdi; 2-ci dəfə 16 iyulda istefa ərizəsi verdi, Makron qəbul etdi, lakin yeni baş nazir təyin olunanadək vəzifəsini icra etdi),

– Mişel Barnye (5 sentyabr 2024 – 12 dekabr 2024) – 97 gün,

– Fransua Bayru (13 dekabr 2024 – 8 sentyabr 2025) – 267 gün,

– Sebastyan Lekornyu (9 sentyabr – 6 oktyabr) – 27 gün.

Makron 8 ildir hakimiyyətdədir, artıq 7 baş nazir dəyişib. Buna görə mətbuat Makronun baş nazir seçimini gülüş obyektinə çevirib. Bəzi maraqlı karikaturaları aşağıda təqdim edirəm.

– “Jyllands-Posten” qəzeti (Danimarka):

“Növbəti!” – Makron baş nazir kreslosu (gilyotin) üçün növbəti qurbanı çağırır.

– “The Sandey Telegraph” qəzeti (Britaniya):

Fransa siyasətçiləri La-Manş boğazını keçib Britaniyaya qaçırlar ki, Makron onları baş nazir təyin etməsin.

– “The Times” qəzeti (Britaniya):

Makron baş nazir vəzifəsinə seçim prosesində:

-“Bir günlük baş nazir olsaydınız, nələr edərdiniz?

– “Liberation” qəzeti (Fransa):

Makron siçanlara “Ey! Aranızda baş nazir olmaq istəyən kimsə var?”

P.S. Son məlumatlara görə Makron yenidən Lekornyunu baş nazir təyin edib. Doğrudursa, bu kabinetin də ömrü uzun olmayacaq.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights