İranın raket üstünlüyünün sıfıra endirilməsinin iki üsulunu qeyd etmişdim:
-ci üsul İsrailin (və müttəfiqlərinin) hərbi-kəşfiyyat səriştəsindən asılıdır. Bunun üçün bütün İran ərazisi 24 saat fasiləsiz izlənməli və hər nöqtəsinə gecikmədən zərbə endirmək mexanizmləri tapılmalıdır. 13 iyunda belə zərbələrin, demək olar ki, hamısı İran daxilində yerləşdirilmiş və kənardan idarə edilən Spike raketləri və dronlar ilə edilirdi. İran yavaş-yavaş Mossadın İran daxilindəki agentura şəbəkəsini və dron laboratoriyalarını aşkar edir. Buna görə də daxildən zərbələr azalmağa başlayır.
İsrail getdikcə təyyarədən zərbələrə daha çox ehtiyac duyur. Təyyarələr isə İran ərazisinə girməyə cürət etmirlər. Onlar, bir qayda olaraq, İraq ərazisindən zərbələr endirirlər. Buna görə də zərbələrin əksəriyyəti İranın qərbinə və şimalına vurulur, çünki İranın şərq əraziləri İsrail təyyarə zərbələri üçün çox uzaqdır. Bu ərazilərdə İsrail hələlik yalnız öz agentura zərbələrinə ümid edə bilər.
İsrail təbliğatı İranın saysız-hesabsız raket buraxma qurğularını sıradan çıxartdığını deyir. Lakin internetdə bunu sübut edən video sayı azdır (hər halda mən görənlər 10-dan çox deyil). Əlbəttə, videogörüntüsü olmayan zərbələr də ola bilər. Buna görə də biz necə qurğunun sıradan çıxarıldığını, bunun İran üçün nə qədər kritik olduğunu deyə bilmərik. Lakin başqa əlamətə görə müəyyən nəticələrə gələ bilərik. Bu hansı əlamətdir?
İranın ilk 3 zərbə dalğası (14 iyun gecəsi) hər biri ~80 raketlə başladı. Sonrakı zərbə dalğalarında raket sayı azalmağa başladı. Sonuncu zərbə dalğalarında 10-12 raket buraxılır. Buradan aşağıdakı 3 nəticədən birinə gəlmək olar:
İranın raket buraxma qurğuları azalır, buna görə də onlardan qənaətlə istifadə edir (müharibə uzana bilər);
İranın raketləri azalır, buna görə də raketlərindən qənaətlə istifadə edir;
Həm raketlər, həm də raket buraxma qurğuları azalır.
Müharibə uzanarsa, İran raketburaxma qurğularını artıra bilərmi? İranın ehtiyatda (bunkerlərdə) saxladığı əlavə qurğular varsa, problem yaranmayacaq. Yoxdursa, bu İran üçün ciddi problem yaradacaq. Oxşar qurğular Rusiyadan, Çindən və Ş.Koreyadan gətirilə bilər, lakin onlar İran raketləri üçün uyğun gəlməyə bilər. Bu halda Rusiya və Ş.Koreyanın İrana yüzlərlə raket verə biləcəyi sual altındadır. Bunu Çin edə bilər – onda qurğuların da hamısını Çin verməlidir. Nəzərə almalıyıq ki, 3 ildən çox müddətə Çin sanksiya qorxusundan Rusiyaya nəinki raket, heç artilleriya mərmisi də verməyib.
-ci üsul İranın hərbi səriştəsindən asılıdır. İran raketlərini qənaətlə işlətməli və vacib hədəfləri dəqiq vurmalıdır. Bəs faktiki vəziyyət necədir?
İran 14 iyunda İsrailə 300-350 aralığında raketlə zərbə endirdi. İsrailin məlumatına görə onların 10%-i HHM sistemlərini keçə bildi. Təbliğatın həmişə düşmənin uğurunu azaltdığını nəzərə alsaq, bu göstəricinin əslində 20-40% arasında olduğunu deyə bilərik. Senzuraya baxmayaraq, informasiya məkanına sızmış videogörüntülər də bunu deməyə əsas verir.
İlk zərbələr İsraildə şok effekti yaratsa da (Tel-Əviv tarixi boyu bu qədər zərbə görməmişdi), hərbi nöqtəyi-nəzərdən, əsasən, uğurlu sayıla bilməz. Bu zərbələr həm İsrailin HHM sistemlərinin necə işlədiyini yoxlamağa, həm HHM sistemlərinin raketlərini tükətməyə, həm əhalinin müharibəni dayandırmaq barədə hökumətə təzyiqini artırmağa, həm də hökuməti eskalasiyanı artırmaqdan çəkindirməyə yönəlmişdi.
İlk zərbələrdə İran azı 5 ildən çox yaşı olan köhnə raketlərindən istifadə etdi. Bu raketlərin dəqiqliyi çox aşağıdır – hədəfdən yayınma xətası 500 m-ə qədər olur. Belə raketlərdən İranda çoxdur. Onlar istifadə edilməsəydi, onsuz da bir neçə il sonra utilizasiya edilməli olacaqdı. Buna görə də İran onlara qənaət etmir.
İran daha müasir (hipersonik) və dəqiq, həm də çox baha olan raketlərini hədsiz qənaətlə işlədir. Yəqin, bu onunla bağlıdır ki, onların sayı çox azdır. Bu da başadüşüləndir – onların çoxunun istehsalına son 1 ildə başlanılıb. Belə raketlər ayda 10 ədəddən çox hazırlanmır. İranın isə İsrailə qarşı raketdən başqa effektiv silahı yoxdur. 3 gün ərzində İranın İsrailə 500-dən çox raket atdığını nəzərə alsaq, müharibənin 1 ayına İranda raket qalacağına şübhə etmək olar.
Hayfa İES-ni vurarkən İran müasir raketlərinin 3 modifikasiyasından istifadə etdi (yəqin ki, həm də sınamaq üçün). Bütün raketlər hədəfi dəydi və İES tamamilə məhv edildi, onun yaxın aylarda işə salınması mümkün deyil. Ola bilər, İran başqa vacib hədəfləri də vurub, amma bunları sübut edəcək materiallar yoxdur. Bununla İran İsrail rəhbərliyinə həm də mesaj verdi ki, növbədə İsrailin başqa strateji obyektləridir. Sual yalnız İranın müvafiq sayda yeni raketlərinin olub-olmamasındadır.
Məlumat üçün deyim ki, Hayfa İES-in sıradan çıxması İsrail üçün çox ağrılı zərbədir. İsraili enerji ilə cəmi 10 İES tımin edir. İran onların yarısını sıradan çıxartsa, İsrail çökəcək. Deyəsən, İran da bu plana start verib.
Yeri gəlmişkən, İran hələ ki yeni tip dronlarından da istifadə etməyib. Yəqin ki, İsrailin HHM sistemi tam sıradan çıxdıqdan sonra onlardan geniş miqyasda istifadə etməyi planlaşdırıb.
İsraildə də problemlərin yarandığı görünür artıq. Getdikcə HHM daha çox raket buraxır. Bu həm İranın İsrail HHM sisteminin zəif yerlərini tapması ilə, həm də İsrailin HHM qurğularının bəzilərini sıradan çıxarması ilə izah oluna bilər. Son gündə İsrail HHM sistemində 2 “dost atəşinin” mətbuata sızması da İsrail üçün müəyyən xoşagəlməz hadisələrin baş verdiyindən xəbər verir. Ola bilər, İsrailin HHM raketləri tükənmək üzrədir və o köhnə raketlərdən istifadə etmək məcburiyyətində qalıb. Onların içində isə braklar olur (Ukrayna təcrübəsində misallar çoxdur). Bunu həm də mətbuata sızan bir xəbər də təsdiq edir ki, İsrail ABŞ-dan HHM sistemləri üçün yeni raket partiyası istəyib. Belə çıxır ki, İsrailin 2 həftə üçün tədarük etdiyi HHM raketləri 4-5 günə bitəcək, yəni İsrail İrandan belə intensiv cavab zərbəsi gözləmirmiş. Lakin ABŞ-da da belə raketlərin sayı çox deyil.
Vəziyyətin belə cərəyanı İsrail rəhbərliyini qorxutdu. Buna görə də ABŞ təcili müharibəyə birbaşa qarışmağa (və ya Netanyahu onu qarışdırmağa) çalışır. Ən azı bu görüntünü yaradır – 2 təyyarədaşıyan gəmisini Yaxın Şərq sahillərinə göndərir, 130-dan çox yanacaqdoldurma təyyarələrini səfərbər edib (çünki gəmilər İran zərbələrinə məruz qalmamaq üçün uzaqda dayanmalıdırlar, bu halda isə gəmilərdən qalxan təyyarələr havada yanacaq doldurulmadan İrana yaxınlaşa bilməzlər), Orta Şərqdəki hərbi bazalarının HHM sistemini gücləndirir.
Bu hərəkətlərin fonunda Tramp şəxsi Truth şəbəkəsi vasitəsilə İrana ultimatumu ultimatum dalınca verir (qəribə zamanda yaşayırıq – bilmək olmur, bu şəxsi məsələdir, yoxsa dövləti məsələ!?). İranın uzunmüddətli müharibəyə hazırlaşması, raket arsenalının tükənməməsi və onların dəqiqliyinin getdikcə artması, Çinin və Rusiyanın dolayı yolla münaqişəyə qarışması ABŞ-ın planlarını pozur. Tramp müharibəni dayandırmağa tələsir, lakin bunu öz şərtləri altında etmək istəyir. Şərtlərinin qəbul olunması üçün isə o, İran ətrafına böyük hərbi qüvvə toplayır.
Amma inanmıram ki, Tramp İranla birbaşa müharibəyə girəcək. Onsuz da ABŞ qoşunlarının İranı işğal etmək gücü yoxdur. Əsgərin ayaq basmadığı ölkəni isə məğlub etmək mümkün deyil – əlbəttə, ölkə əhalisi və ya hakimiyyəti təslimçiliyi üstün tutmazsa. İran Hörmüz boğazını bağlaya, ABŞ hərbi bazalarını vura, körfəz ölkələrinin neft yataqlarını bombalaya bilər. Bunun üçün onun indiyədək işlətmədiyi kifayət sayda yaxın mənzilli raketləri var. Bu müharibə ABŞ üçün növbəti Vyetnam ola bilər.
Düzdür, bu müharibə İranın əsas şəhərlərində çoxlu dağıntılar yarada bilər, amma ABŞ-ın bir supergüc kimi sonu ola bilər. Hərdən mənə elə gəlir ki, Çin və Rusiya qəsdən hadisələri elə idarə edirlər ki, ABŞ-ı bu “bataqlığa” salsınlar.
İsrail üçün ən sərfəlisi müharibəni indi dayandırmaqdır. Çünki vaxt onun əleyhinə işləyir. Lakin müharibə indi dayanarsa, İran nüvə proqramını saxlayacaq. Bu halda isə Netanyahunun eqosu onun ürəyini partladar. Buna görə də Netanyahu hər hansı təxribatla (məsələn, ABŞ bazasının və ya körfəz ölkələrinin neft terminallarının vurulması və s.) ABŞ-ı müharibəyə girməyə məcbur edə bilər.
Başqa, daha pis ssenarilər də var. Məsələn, kim əminliklə deyə bilər ki, Mossad İranda yaratdığı dron-raket sexlərini və agenturasını Türkiyədə və ya Azərbaycanda yaratmayıb. Sabah hansısa yük maşının içindən dronun, ya raketin qalxıb İrana zərbə vurmayacağına kim təminat verə bilər? Bu halda İran qonşu ölkələrə raket zərbəsi endirə bilər. Bu isə İsrail-ABŞ duetinin ən çox arzuladığı ssenari ola bilər. Buna görə də, güman edirəm ki, hökumətimiz bu istiqamətdə müvafiq əməliyyatlar həyata keçirir və İranla əvvəlcədən danışıqlar aparır ki, belə halların fəsadlarından ölkəni sığortalasın.
Ardı ola bilər…
Asif ŞƏFƏQQƏTOV