Bu günkü Ukrayna təxminən 500.000 kvadrat kilometrlik bir konsentrasiya düşərgəsidir…

ELAZ.İNFO

1990-cı ildən “Azadlıq Radiosu”nun Ukrayna redaksiyası ilə əməkdaşlıq edən, Krımdan reportajlar verən, 2014-cü ilin martından “Azadlıq Radiosu”nun “Krım. Realii” layihəsinin rəhbəri olan və həmin ilin dekabrında Krımdan Kiyevə köçən Ukraynanın əməkdar jurnalisti Vladimir Pritulanın 04.02.2026 tarixli fb postunun tərcüməsini aşağıda təqdim edirəm.

Bu postu “Ukraina. Realii” adlandırmq olar. Post rus dilində yazılıb. Orijinal mətni 1-ci rəydə oxuya bilərsiniz. Şəkil müəllifə məxsusdur. Kvadrat mötərizədəki izahlar mənə aiddir.

_________________

Bu günkü Ukrayna təxminən 500.000 kvadrat kilometrlik bir konsentrasiya düşərgəsidir…

Bəli, bəli, konsentrasiya düşərgəsi. Mübaliğəsiz və ya gözəl sözlərsiz.

İnsanlar var, insantutanlar var… İnsantutanlar insan hüquqsuzluğu ilə qidalanırlar… Onları küçələrdən oğurlayırlar… tsk [TSK (Територіальний центр комплектування та соціальної підтримки) – Ukraynada hərbi səfərbərlik orqanının analoqu] əclafları insanları heyvan kimi ovlayırlar… Çox adam artıq dörd ildir ki, evdə oturur, bu tsk alçaqları tərəfindən oğurlanacağından qorxaraq, heç vaxt çölə çıxmır… Çünki Ukraynada insan artıq insan deyil, qənimətdir… ad lazımsızdır, keçmiş əhəmiyyətsizdir, gələcək nəzərdə tutulmayıb.

Tutulanları sovqat kimi poliqonlara göndərirlər – ünvan məlum deyil və geri qayıtması gözlənilmir. Orada isə onları Osvensim və ya Buxenvalddakından azca yaxşı şərait və rəftar gözləyir: reket (hədə-qorxu ilə pul almaq normadır – havaya vergi kimi), alçaldılma, mənəvi və fiziki zorakılıq, insanları şaxtada skoçla bağlayıb, xəndəyə atırlar… Bütün bunlar normadır. Ekssess yox, qaydalar… Sistemin iş rejimidir…

Bir sözlə, bu Ukrayna həbs düşərgəsi yeni növ düşərgədir. Burada sərhədləri xarici təhdidlərdən qorunmaq üçün yox, məhbusların qaçmasının qarşısını almaq üçün gücləndirirlər… Dustaqları yenidən tərbiyə etmək üçün yox, silmək [itirmək] üçün saxlayırlar. Osvensim və Buxenvalddan yalnız krematoriyaların olmaması ilə fərqlənir – hələlik… (hələ ona əmin deyilik, biz axı çox şeyi bilmirik…)

Mən adi insanların taleyi haqda danışıram – təki özü “nol”da [döyüşün ön xəttində] və ya torpaq altında olmasın deyə “uxilyantlar” [səfərbərlikdən yayınanlar] haqda postlar guppuldadan və çığır-bağır salan sosial şəbəkə təlxəkləri və bəzənmiş efir tutuquşularının yox, hansısa kiçik şəhərdən və ya kənddən oğurlanan, pulsuz və əlaqələrsiz, yaşamaq şansı olmayan adi insanların taleyi haqda… onları bir alaq otu kimi həyatdan, səhifə kimi kitabdan qopardır, əzib bir qalağa çevirirlər…

Ekranda zelenski [müəllif kiçik hərflə yazır] dəyərlər, azadlıq və ləyaqət haqqında danışır, reallıqda onun rejimi bütün bu insanları zibil torbaları kimi tutub, mal-qara kimi sallaqxanaya göndərir…

Mən onlar haqda yazıram – vəkili, əlaqələri və ehtiyat həyatı olmayan tikintidə işləyən və ya damları təmir edən oğlan haqda, çörək daşıyan əmi haqda, avtomobilləri təmir edən kəndli haqda… Onların yeganə günahı kasıb və hüquqsuz olmaları və bir dəstə əclafa görə hələ ölməmələridir… Çünki tsk ordu deyil, bu heç kəsin qorumadığı kasıblar üçün zalenski rejiminin cəza aparatıdır…

Bu insanların taleyi heç kimin vecinə deyil. Çünki bu döyüşkən psixozun arxasında adi insanın necə yaşadığını heç kim görmür… Hamı artıq unudub ki, adi insanları istənilən insan hüququndan məhrum ediblər… Nə qədər ki susurlar və ya artıq ölüblər, potujnost (ukraincə: güclülük) və nezlamnost (ukraincə: əyilməzlik, sınmazlıq, sarsılmazlıq) haqda danışmaqla onları mücərrəd şəkildə tərifləmək rahatdır… Onları ölümündən sonra, xüsusən də üzləri və adları olmadan tərifləmək daha rahatdır…

İnsan tutmaq üzrə plan – ayda otuz min nəfər. Sadəcə, bu rəqəmi düşünün. Bu kərpic istehsalı deyil, mismar buraxılışı deyil, insan tutulmasıdır! Kisə kimi, balıq tutmaq və ya ət göndərmək kimi…

Bu müharibə deyil, insan emalıdır, insan ətçəkən maşınıdır…

Heç kim özünə sual vermək istəmir: hər il 360 min insan hara gedir? Əriyir? Buxarlanır? Belə bir sualı düşünən kimi dərhal konsentrasiya düşərgəsində işıqları söndürürlər, çünki onu soruşmaq qadağandır… Buna görə kim məsuliyyət daşıyır? Cavab kiçik şriftlə yazılıb: heç kim. Niyə belədir? Heç kimin vecinə deyil [orijinalda söyüşlə yazılıb].

Hər kəs müəllim və ya həkim ola bilmədiyi kimi hər kəsin əsgər də ola bilməməsi arqumenti artıq işləmir… Əslində, o heç vaxt işləmirdi… məhz ona görə ki, yenə də – heç kimin vecinə deyil [orijinalda söyüşlə yazılıb].

Və ən dəhşətlisi – bütün dünya da susur…

Bax buna görə də yazıram ki, şans yoxdur: adi insanın həyatının heç bir dəyəri yoxdur – o, artıq şəxsiyyət deyil, mal-qaradır, ətdir, resursdur, rəqəmdir, statistikadır, hətta statistika da deyil, statistik xətadır, siyahıda qoyulan quşdur, hesabatda sətirdir, fayldır və əgər fayl silinibsə – sistem təmizdir… Hərçənd Ukraynada “insan” köhnəlmiş bir termindir, belə anlayış orada artıq yoxdur, onu ləğv ediblər. Rasxodnik [bir dəfəlik işlənən material] var…

Hamı bunu bilir və özlərini elə aparırlar ki, sanki bu normadır. Rol oynayır, göz yumur, yanaqlarını şişirdir, sifətinə pafos verir və danışırlar ki, qələbə naminə dözmək lazımdır. Paralel olaraq fəzanı mova [ukrain dili], abidlərlə və öz tarixləri ilə müharibə, rus musiqisi və ədəbiyyatı ilə mübarizə, Epşteyn siyahısı haqda boşboğazlıq və bayraq, himn, vışivanka [ukrain milli toxuma naxışı] və sair rekvizitlərlə beynimizi “yeyən” digər syurla doldururlar. Qanunlar isə – sadəcə, teatr dekorasiyalarıdır, divara çəkilmiş pəncərə kimi… Janr: qara komediya. Müəllif: dövlət. Hətta teatr da yox, pərdə arxasına baxmağın qəbul edilmədiyi, hətta qadağan olunduğu, proqramında insan qurbanları olan dövlət sirkidir. Klounlar isə buslarda [mikroavtobuslarda] və ya ciplərdə, polis və ya hərbi formada və balaklavadadırlar [üzü gizlədən parça]… Xor da yorulmadan oxuyur: “İnsan verin”, “İnsan çatışmır”, “Yenə lazımdır”…

Bütün bunlara görə məhz zelenski birbaşa məsuliyyət daşıyır. tsk bicbalaları özbaşına deyillər. Onlar alətdirlər. Hərçənd təkcə bu əclafların əvvəllər səninlə eyni küçələrdə gəzdiyini və eyni havanı udduğunu dərk etməyin özündən belə iyrənirsən…

“Borc” haqqında əxlaq dərsi keçmək lazım deyil. Borc seçim və hörmət olan yerdə mümkündür.

Borcu qaytarmağı tələb etməzdən əvvəl, adətən, borca nələrin verildiyinin siyahısını təqdim edirlər…

Burada isə adi insanlar üçün yalnız qorxu, zorakılıq və sonsuz yalanlar var.

Və bu sonsuz məzhəkə, bu sonsuz riyakarlıq sadəcə diaqnoz deyil, bu ölkə üçün ölüm hökmüdür, epitafiyadır… Məsələ zamandadır…

Siz isə susmaqda davam edin… dillərinizi bir yerdə saxlayın, onları dərində gizlədin… komanda üzrə əl çalın… Amma bilin: bu halda siz neytrallıq saxlamırsınız; siz rejim tərəfindən busifikasiya olunan [küçədən oğurlanan], ətçəkən maşına göndərilən hər kəsin ölümünə görə səssiz məsuliyyət daşıyırsınız. Artıq sükut neytrallıq deyil. Bu birgə iştirakdır. Çünki susmaq razılaşmaq deməkdir!

P. S: Rəğbət – sadə insanlara! Həqarət – insantanlara! Və nifrət – bu soyqırımına yaşıl işıq yandıranlara!…

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights