“Bu dünya bizlik deyil”

   Əlizaman Baxış 1950-ci ildə Masallı rayonunun Hacıtəpə kəndində anadan olub.

     1969-cu ildə Lənkəran Pedoqoji mək­­­­tə­bini, 1980-ci ildə Azərbaycan Döv­lət Universitetinin Filologiya fakül­təsini bitirmişdir.

2015-ci ilədək müəllim işləmişdir.

Gənc yaşlarından müxtəlif mətbuat orqanlarında publisistik və bədii ya­zı­ları ilə çıxış etmişdir. “Hacıtəpə (keçmişdə və indi)”, “Qayaların dağ harayı”, “Ömür kitabı”, “Kən­dimizin qartalları” bədii-publisistik, “Yax­şı ki, varsan” və “Analı dün­yamdan gəlmişəm” şeirlər və heka­yə­lər kitablarının müəllifidir. Yeddinci – “Bu dünya bizlik deyil” kitabı çapa hazırlanmışdır. Hazırda təqaüddədir.

“Talisman” qəzetində redaktor vəzifəsində çalışır.

ŞƏHİD ANA

(Oğulları şəhid olmuş analar da şəhiddir)

Şəhid ana, bu dərdi tək ağlama,

Gəl qolunu boynuma sal, ağlayaq!

Məndən sənə oğul olmaz, bilirəm,

Oğul kimi qoynuna al, ağlayaq!

Lənət deyim xeyirəmi, şərəmi?

Göz yaşları dərdimizə çarəmi?

Aşıq, bu gün çalma Yanıq Kərəmi,

“Vağzalı” çal, “Vağzalı” çal, ağlayaq!

Şəhid ana, özünə gəl, dur, ayıl,

Bu, tək sənin çəkəcəyin dərd deyil!

Nə dizlərin bükülməsin, nə əyil,

Ayaq üstə mərdanə qal, ağlayaq!

Şəhid ana, xalq hamısı birhallı,

Neçə oğul tək ayaqlı, tək əlli,

Necə verək analara təsəlli!?

İmkan verin, qoyun bol-bol ağlayaq!

Şəhid ana, hər dərdimiz Vətəndir,

Şəhid olan hər mərdimiz Vətəndir!

Yolunda qan tökdüyümüz Vətəndir-

Vətən yaşa, Vətən sağ ol!! Vətəndə

Qoy sevincdən, qoy fərəhdən ağlayaq!

Bizimlə oxuyun
Verified by MonsterInsights