ABŞ Yaxın Şərqdə son 23 il ərzində ən böyük hərbi qüvvə toplayır. Düzdür, o vaxt ABŞ regiona 300 min əsgər toplamışdı, indi isə sayı 30 mindən çox deyil. Lakin nəzərə almalıyıq ki, bu dəfə yerüstü müharibə planlaşdırılmır.
ELAZ.İNFO xəbər verir ki, hazırda ABŞ-ın regiondakı əsas hərbi qüvvələri xəritədə göstərildiyi kimi yerləşdirilib. Xəritədəki işarələr aşağıdakıları bildirir:
-aviabazalar
-aviadaşıyıcı gəmi
-esmines (hərbi gəmi)
-sahil hərbi gəmisi
Bir aviazərbə qrupu (AZQ) – “Abraham Lincoln” aviadaşıyıcı gəmisi, 3-5 esmines, 2 sualtı qayıq – artıq döyüş zonasında mövqe tutub. İkinci AZQ (“Gerald Ford”-un başçılığı ilə) hələ döyüş mövqeyinə çatmayıb. Çüman ki, o Aralıq dənizində mövqe tutacaq.
Hər aviadaşıyıcı gəmidə ~70 zərbə təyyarəsi (F-18, F-35) olur. Regiondakı aviabazalarda ən çoxu 100 zərbə təyyarəsi (F-16, F-22, F-35) var. Deməli, ABŞ-ın regiondakı zərbə təyyarələri 250-dən çox deyil. İsrailin də ~300 zərbə təyyarəsi (F-15, F-16, F-35) var. Cəmi 550 zərbə təyyarəsi edir.
ABŞ-İsrail İrana birgə zərbə endirmək istəsələr ilk dalğada onların uzağı yarısı iştirak edə bilər – 270 təyyarə. Regiona ~80 aviatanker gətirilib – bu da dolayı olaraq təsdiq edir ki, ilk zərbədə 270-dən artıq təyyarə iştirak edə bilməz. Lakin 270 təyyarə də çox böyük qüvvədir.
İki AZQ-də cəmi 600-700 tomahavk ola bilər. Ola bilər ki, ABŞ-ın Yaxın Şərqdəki sahil bazalarında da 200-300 tomahavk ehtiyatı var. Yəni regiondakı maksimum tomahavk ehtiyatı 1000 ədəd ola bilər. İlk zərbədə onların uzağı 30%-ni istifadə edə bilər. Bu da 300 tomahavk edir. Buraxılış qurğuları məhdud olduğundan onlar bir neçə dalğa ilə buraxıla bilər.
Tomahavkların çoxu köhnə raketlərdir. 25-26 dekabrda ABŞ Nigeriyaya 16 tomahavk atdı, lakin onlardan 4-ü (25%-i) partlamadı. Əvvəllər Liviya (220 raket) və Suriyada (2025-ci ilədək 125 raket) da təxminən eyni nisbətdə tomahavk partlamamışdı. Yəni ilk zərbə raketlərindən hətta heç bir vurulmasa da ~200-220-ci partlaya bilər.
Raketlər, bir qayda olaraq, strateji hərbi və ya infrastruktur obyektləri məhv etmək üçün tətbiq edilir. Bunlar hərbi zavodlar, yanacaq-energetika obyektləri, strateji körpülər, strateji anbarlar, aviabazalar, HHM sistemləri, komanda məntəqələri və s. ola bilər. Belə obyektlərdən birinin sıradan çıxarılması üçün eyni zamanda azı 3-20 tomahavk reketi tələb olunur. 14 aprel 2018-ci ildə ABŞ 66 raketlə Dəməşqdəki Elmi-tədqiqat mərkəzini (ETM) və Hümsdəki anbarları hədəf götürülmüşdü. Zərbədən sonra ETM fəaliyyət göstərirdi. İran kimi böyük ərazidə səpələnmiş minlərlə obyekt üçün 200-220 raket zərbəsi həddən azdır. Belə zərbə ilə onun müqavimətini qırmaq, əks-zərbə imkanını yox etmək ağlagəlməzdir.
Düzdür, təyyarələr də raket zərbəsi endirəcəklər. Hər təyyarənin 2 raket daşıyacağını nəzərə alsaq, bu da əlavə 540 raket edir. Lakin təyyarə raketləri İranın sahil zonasını əhatə edəcək. Raketlərin vura biləcəyi dərinliklər haqqında ötən dəfə yazmışdım.
Müharibəyə başlamazdan əvvəl ABŞ İran ətrafında azı 500 km-dək məsafədə yerləşən aviabazalardan təyyarələrini çıxartmalıdır – çünki onlar İranın ilk rahat və “yağlı” hədəflərindən ola bilərlər. Deməli, bu indikatordur – əgər həmin aviabazalar boşaldılırsa, deməli, müharibə yaxın günlərdə başlayacaq.
Biz hücum edən tərəfin imkanlarını qiymətləndirdik. İndi də müdafiə tərəfinin imkanlarına baxaq.
Rusiya və Çin ABŞ-a aşkar siqnal verirlər ki, onlar İranı tək qoymayacaqlar. Aydındır ki, Çin peyk kəşfiyyatı məlumatlarını onlayn qaydada İrana ötürür. Əslində bunlar məxfi məlumatlardır. Lakin ABŞ-ın region hərbi bazalarındakı vəziyyət, oradakı təyyarə sayları və tipləri haqda kosmik fotomateriallar tez-tez ictimaiyyətə ötürülür. Materialların altında çin və ingilis dillərində izahedici qeydlər olur. Yəni Çin “qarğa, qarğa, məndə qoz var” deməklə ABŞ-a çatdırır ki, mən sənin bütün hərəkətlərini fasiləsiz rejimdə izləyirəm, heç bir hərəkətin İran üçün gözlənilməz olmayacaq.
Rusiya dünəndən Hörmüz boğazında İranla hərbi-dəniz təlimləri keçir, göstərir ki, tanker blokadasına imkan verməyəcək. Təlim həm də Rusiya gəmilərinin boğaza gəlməsi üçün bir bəhanədir. Güman ki, gəmilər müasir torpedolar gətirib. Rusiya təkcə dünən İrana 4 hərbi-nəqliyyat təyyarəsi göndərib. İran səmasında Rusiya təyyarə və helikopterləri manevrlər edir. Bunlarla İrana hər cür texniki yardım göstərəcəyini açıq nümayiş etdirir. İranın bütün strateji obyektlərinin HHM-lə əhatə olunması sürətləndirilib. Bu işdə həm Rusiya, həm də Çin mütəxəssisləri iştirak edirlər.
Təyyarə və ya tomahavk gəmidən qalxan andan izlənirsə, onların vurulma şansı artır. Yəni ABŞ-ın ilk zərbəsinin neçəsinin hədəfə çatacağı böyük sual altındadır. Hələ o da məlum deyil ki, ABŞ ilk zərbə zamanı gəmiləri demirəm, 10 təyyarəsini itirərsə, müharibəni davam etdirə biləcəkmi.
Bunları ABŞ da bilir. Onun “xox” gəlmək taktikası İrana qarşı işləmədi, ikinci AZQ-nin regiona yaxınlaşması da İranı qorxutmur, əksinə İran müharibəyə hazırlaşdığını nümayiş etdirir, ABŞ-ın simvolik zərbələrlə kifayətlənmək təklifini rədd etdi.
Tramp dalana dirəndiyini görür və vəziyyətdən necə çıxacağını bilmir. Bu gün məlumat getdi ki, ABŞ ilk zərbəni güclü vurmamağı planlaşdırır, əsasən bir neçə hərbi obyekt vurulacaq, bundan sonra İran danışıqlarda güzəştə gedərsə, müharibə olmaya bilər. Aydındır ki, belə məlumat “sızmaları” planlı şəkildə təşkil edilir və İran tərəfinin razılaşdırılmış zərbələrə və güzəştlərə münasibəti öyrənilir. Yəni əvvəl belə təklifi rədd etmişdiniz – onda regionda 1 AZQ-miz var idi, indi 2-ci də gəlir, 10 günədək vaxtınız var – indi nə deyirsiniz? Sonra geri addım ata bilməyəcəm.
Konqresdə isə bəzi demokratlar və onlarla həmrəy olan bir neçə respublikaçı İranla müharibəyə başlamağı qadağan edən qətnamə layihəsini səsverməyə qoymağa hazırlaşırlar. Əlbəttə, hətta o qəbul edilsə də, prezidentin ona veto qoymaq hüququ var. Lakin həmin qətnamə vasitəsilə demokratlar özlərini İran müharibəsində ABŞ üçün baş verə biləcək pis ssenaridən sığortalaya və Trampı “parça-parça” edə bilərlər.
Neftin qiyməti isə gözlənilən müharibə fonunda yüksəlməyə başlayıb.
Beləliklə, bu şənbə-bazar müharibə gözlənilmir. Növbəti şənbə-bazara müharibə üçün hər şey hazır olacaq. Lakin Tramp bu avantüraya gedəcəkmi? Onu nə məcbur etməlidir (və ya nə ilə məcbur etməlidirlər) ki, belə böyük riskə getsin?!
Asif ŞƏFƏQQƏTOV