Səidə Bəkirqızının qaçqınlar və Ağdamlılarla bağlı söylədiyi fikirlər həm vicdansız, həm də məsuliyyətsiz bəyanatlardır. İllərlə torpaqlarından didərgin düşmüş, yurd həsrəti ilə yaşayan insanlara qarşı bu cür laqeyd münasibət göstərmək xalqın dərdini kiçiltmək, onların faciəsini məsxərəyə qoymaqdır. Bu, nə insafa, nə də milli həmrəyliyə yaraşır.
Qaçqınlıq, məcburi köçkünlük bir “status” deyil, insanların həyatını yarıda qıran bir faciədir. Bu dərdi daşımayan kimsənin rahat şəkildə hökm kəsməsi, “gedin, qayıdın” tərzində səthi yanaşması cəmiyyəti parçalamaqdan başqa bir iş görmür. Onlar öz istəkləri ilə yox, məcburiyyət qarşısında ev-eşiyindən didərgin düşüblər.
Unutmaq olmaz ki, nə vaxt onlara “artıq gedə bilərsiniz” deyiləcək, o zaman onlar sevə-sevə doğma yurdlarına qayıdacaqlar. Necə ki, bu gün azad Qarabağda həyat qaynar ritmlə axır, sabah da Ağdam və digər yurdlarımızda eyni coşqu ilə həyat bərpa olunacaq.
Səidə Bəkirqızının söylədikləri isə xalqın bu inamına, bu səbrinə kölgə salmaqdan başqa bir şey deyil. Bu cür məsuliyyətsiz açıqlamalar dərdli insanların yarasına duz səpməkdir.
Fatimə HACIBƏYLİ
