Bilirsiniz ki, Ukrayna müharibəsinin əvvəlindən Qərb Rusiyanın Avropa və Şimali Amerika banklarında saxlanılan ~$300 milyard vəsaitini həbs edib.
Artıq məlumdur ki, Qərb Rusiyanı strateji məğlubiyyətə uğrada bilmədi, Rusiyanın Ukraynadan qovulması da mümkün deyil. Deməli, “Ukrayna layihəsi” fiaskoya uğrayıb. Bəs axı Qərb bu layihəyə yüz milyardlarla “investisiya” qoyub. İnvestisiyanın azı mayası qayıtmasa, ən çox investisiya qoyan ölkələrin vəziyyəti çox pis olacaq. Layihənin ən böyük “investorlarının” hamısı iqtisadi böhran içindədir, dövlət borcları görünməmiş həddədir. Lakin “Ukrayna layihəi” bataqlığa çevrilib: ora düşən hər milyardı dərhal udur, geri heç nə qaytarmır. Bataqlığın isə dibi görünmür.
Tramp ABŞ-ı “Ukrayna layihəsi”nin “investorlar klubu”ndan çıxardıb – daha pul qoymur. Yalnız pul götürməyə çalışır – bütün silah-sursatı pulla satır. Pulunu isə Avropa verir. Yəni Tramp gələndən Avropanın layihə üzrə xərcləri ikiqat artıb. Qərb əvvəldən sığorta məbləğindən, yəni Rusiyanın həbs olunan $300 milyardından artıq xərcləmək fikrində deyildi. O heç düşünmürdü də ki, layihəyə belə böyük “investisiya” tələb olunacaq. Xərclər bu məbləğə yaxınlaşanda Qərb düşünməyə başladı. Artıq məlum idi ki, Rusiya Ukraynada məğlub olmayacaq. Belə olan halda $300 milyarddan artıq xərcin sığortası (girovu) yoxdur. Hansı kapitalist boşuna milyardlar xərcləyər?!
Müharibənin əvvəlində Avropa əmin idi ki, Rusiya məğlub olacaq və həmin pulları ya özü verəcək, ya da beynəlxalq məhkəmə yolu ilə ondan alacaqlar – guya Ukraynanı bərpa etmək üçün. Əslində isə o pulların böyük hissəsi müxtəlif sxemlərlə qalib ölkələr arasında bölüşdürüləcəkdi. Rusiya könüllü verməsə və ya məhkəmə yolu ilə ondan alınmasa, əmanəti mənimsəməyin heç bir hüquqi əsası yoxdur. Qanunsuz mənimsənilsə isə bundan sonra hansı ölkə Avropa banklarında pul saxlayar? Çin, Hindistan, şeyxlər trilyonlarla vəsaitlərini Avropadan çıxardarlar – bu isə Avropanı qısa müddətə çökdürər.
Ardı var…
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi