Böhtan və şərə qarşı həm hüquqi, həm də mənəvi mübarizə aparmaq vacibdir

İnsan ömründə ən ağır sınaqlardan biri şərə düşmək, böhtana məruz qalmaqdır. Çünki böhtan insanın yalnız nüfuzunu deyil, həm də ailəsini, mənəvi dünyasını və həyat eşqini sarsıdır. Ən ağrılısı isə odur ki, bəzən bu zərbəni yadlardan deyil, çörək verdiyin, süfrəndə əyləşdirdiyin, inandığın və güvəndiyin adamlardan almaq olur. Tarix də, ədəbiyyat da göstərir ki, böhtanın dağıdıcı gücü insan talelərini məhv edib. “Günahsız Abdulla” obrazı bunun ən təsirli nümunəsidir, bir tikə halal çörəyi, təmiz ailəsi olan sadə bir insanın şərə qurban getməsi nəticədə bütün həyatını puç edir. Təəssüf ki, biz də bu cəmiyyətimizdə çoxlu “günahsız Abdullalar” görmüşük. Bugünkü reallıqda da şər atan, böhtan yayan, şayiə uyduran insanlar az deyil. Onların bir çoxu təmiz və vicdanlı adamların yanında fırlanır, onlardan faydalanır, amma dar məqamda kürəyindən vurmaqdan çəkinmirlər. Bu “mələk donuna girmiş şeytanlar” mənəviyyatı, qeyrəti, əxlaqı pula dəyişirlər. Əslində, böhtan yalnız fərdi problem deyil, ictimai bəladır. Çünki böhtana məruz qalan insan yalnız özü yox, ailəsi və ətrafı ilə birlikdə zərbə alır. Cəmiyyət də belə hallarda mənəvi deqradasiyaya sürüklənir. Lakin bir həqiqət dəyişməz qalır, şər təmiz insana heç vaxt yapışmır. Zaman keçdikcə böhtanın yalan olduğu, şərin isə müvəqqəti “qalibiyyət” qazanacağı ortaya çıxır. Əsl ədalət isə Allahın ədalətidir. İnsan qanundan yayınsa da, ilahi ədalətdən qaça bilmir. Cəmiyyətin sağlam qalması üçün böhtan və şərə qarşı həm hüquqi, həm də mənəvi mübarizə aparmaq vacibdir. Qanun qarşısında belə hallara sərt cəza verilməli, ictimai mühitdə isə şər atanın maskası vaxtında cırılmalıdır.

Allah hər kəsi şərin və böhtanın zərbəsindən qorusun. Vicdanlı, təmiz adamlar heç vaxt uduzmazlar, çünki onların dayağı haqq və ədalətdir.

Əli İBRAHİMOV

Hüquqşünas, Vəkil

Bizimlə oxuyun
Verified by MonsterInsights