Prezident İlham Əliyevin ötən gün Rusiya lideri Vladimir Putinə zəng edərək onu doğum günü münasibətilə təbrik etməsinə Rusiya və Azərbaycanda maraqlı reaksiyalar müşahidə etdik.
Azərbaycanın ənənəvi rusiyapərəstləri, putinpərəstləri İlham Əliyevin Putinə zəng etməsini Bakı-Moskva münasibətlərinə yeni nəfəsin gətirilməsi kimi dəyərləndirdilər. Bəziləri isə hətta belə bir fikir də səsləndirdilər ki, Azərbaycan bütün qonşuları ilə yaxşı münasibətlər qurmalıdır. Amma daha onu demədilər ki, bu məsələ təkcə Azərbaycanın birtərəfli istəyindən asılı deyil. Çünki elə qonşularımız da var ki, onlar Azərbaycanla münasibətləri özləri bilərəkdən korlayırlar. Söhbət təbii ki, ilk növbədə Rusiya və İrandan gedir.
Rusiyanın öz putinpərəstləri, propaqandistləri isə Əliyevin Putini təbrik etməsini dərhal Azərbaycanın ABŞ-dan üz döndərib xarici siyasət kursunu dəyişdirməsi və yenidən Rusiya ilə yaxınlaşmaq cəhdi kimi qiymətləndirdilər.
Hətta bəzi avantürist ruslar isə sosial şəbəkə rəylərində “bəs, təyyarənin vurulması, Yekaterinburq hadisələri, Azərbaycan diasporunun sıxışdırılması söhbətləri nə oldu, hara getdi?” kimi qızışdırıcı suallar da səsləndirdilər. Onların xəstə məntiqinə görə, guya, Azərbaycan bütün bunları arxa planda buraxıb yenidən Rusiya ilə sıx dostluq və əməkdaşlığa, yaxn müttəfiqliyə başlayır.
Yox, elə deyil.
Bütün bunların hamısı cəfəngiyyatdır və ictimai rəydə çaşqınlıq yaratmağa hesablanıb.
İlham Əliyevin Putini təbrik etməsi adi siyasi mədəniyyət nümunəsi və diplomatik etiket qaydasıdır.
Xatırladaq ki, bu yaxınlarda Putin də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən sammitində İlham Əliyevə yaxınlaşıb onu salamlamışdı.
Lakin nə Putinin Əliyevi salamlaması, nədəki Əliyevin Putini təbrik etməsi Rusiya-Azərbaycan münasibətlərindəki mövcud böhranlı vəziyətin artıq aradan qalxması kimi başa düşülməməlidir.
Böhran aradan qalxmayıb.
Və Azərbaycan tərəfinin AZAL-ın təyyarəsinin vurulması, Yekaterinburq hadisələri, eləcə də Azərbaycan diasporuna qarşı zorakılıqlarla bağlı haqlı və ədalətli tələbləri öz qüvvəsində qalır.
Rusiya tərəfi bütün bu və digər məsələlərlə bağlı hərəkətə keçməli və üzərinə düşən öhdəlikləri mütləq şəkildə yerinə yetirməlidir.
Bəybala MİRZƏYEV
Siyasi şərhçi