Boğazı bağlamaq üçün mina lazımdır?

ELAZ.İNFO

İranın Hörmüz boğazını bağladığını bilirsiniz, yəqin. Dünya enerjidaşıyıcılarının 20%-i bu boğazdan keçir. Dünən İran rəsmiləri boğazdan icazəsiz bir gəmi də buraxmayacaqlarını elan etdikdən sonra ABŞ rəsmiləri çaşqınlıqla bunu təkzib etməyə çalışdılar. ABŞ hökumətinin nümayəndəsi dedi ki, İranın məlumatı yanlışdır, boğazda heç bir mina yoxdur.

Məgər boğazı bağlamaq üçün mina lazımdır? İndi hansı dövrdür?! Boğazı minalayanda o bütün gəmilər üçün təhlükə mənbəyinə çevrilir. İran isə minalamır, sadəcə istədiyi gəmini raketlə “Bermuda” göndərir. Öz gəmilərini isə rahat buraxır. Tramp birjalarda panika yaranmasın deyə nağıllar danışır.

Amma birjada neft-qaz qıtlığı nağıla inanmağa imkan vermir. Avropada maye qazın qiyməti $700-ə (yanvar qiyməti ilə müqayisədə ~75% artım), Brent neftinin qiyməti $81-ə (yanvar qiyməti ilə müqayisədə ~23% artım) çatıb.

Bu gün də İran BƏƏ-nin Fuceyra limanındakı neft terminalının çənlərinə dron zərbəsi endirib. Nəticədə liman bütün əməliyyatları dayandırmağa məcbur olub.

Məlumat üçün:

Fuceyra BƏƏ-nin əsas neft terminalıdır. Ən vacibi isə o Fars körfəzinin xaricində yerləşir (xəritəyə baxın). Sutkada 2 milyon barelə qədər neft və neft məhsulları ötürmə qabiliyyətinə malikdir.

Bu da dayandı. Avropanın ağlaşma qurmaq vaxtıdır. Ya da Trampın və Netanyahunun ayaqlarına düşməlidirlər ki, müharibəni dayandırsınlar. Ondan sonra hələ İranın ayaqlarına da düşməlidirlər.

BƏƏ turistlərini itirdi, aviauçuşlar habı funksiyasını itirdi, neft və qaz ixracını itirdi, nəhəng gəlirlərini itirdi… Belə davam etsə, əmirlikdə aclıq da ola bilər, çünki ölkənin bütün ərzaq məhsulları xaricdən gəmilər və təyyarələrlə gəlir. Bircə bank xidmətləri qalıb. Banklardan birinə dron qonaq getsə, “Yaxın Şərqin İsveçrəsi”ninin işığını söndürüb, qapısını bağlamaq lazım gələcək. Əmirliyə qoyulmuş trilyonlarla daxili və xarici investisiya səhra qumlarında qərq ola bilər.

Digər əmirliklərin də taleyi BƏƏ-dən yaxşı deyil…

Nooldu, şeyxlər? Amerikaya arxayın olurdunuz, BƏƏ-dən İsrailə yol çəkirdiniz…

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights